Əmanətlərin Sığortalanması Fondunun (ADİF) Himayəçilik Şurasının qərarına əsasən “Günay Bank” ASC Fonda üzv bankların reyestrindən çıxarılıb və banka verilmiş şəhadətnamə ləğv edilib.
Bu barədə "APA-Economics" ADİF-ə istinadən xəbər verir. Məlumata görə, bununla da Fonda üzv bankların sayı 25-dən 24-ə enib.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı mayın 16-da "Günay Bank"ın məcmu kapitalının müəyyən edilmiş tələbdən - 50 milyon manatdan, məcmu kapitalının adekvatlıq əmsalının isə 3 %-dən az olmasını, cari fəaliyyətinin etibarlı və prudensial qaydada həyata keçirilməməsini əsas gətirərək "Banklar haqqında" qanuna əsasən, onun lisenziyasını ləğv edib, Bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət edib. Mayın 18-də Bakı Kommersiya Məhkəməsi "Günay Bank"ın müflis elan edərək, Əmanətlərin Sığortalanması Fondunu ona ləğvedici təyin edib.