Faiz gəlirləri üzrə vergilənmədə vahid mexanizm tətbiq olunacaq - ŞƏRH

Faiz gəlirləri üzrə vergilənmədə vahid mexanizm tətbiq olunacaq - ŞƏRH
# 17 iyun 2022 11:04 (UTC +04:00)

Faiz gəlirlərinin vergiyə cəlb olunmasında vahid mexanizm tətbiq olunacaq.

APA-Economics" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin şöbə rəisi Elnur Yusifov prezidentin Vergi Məcəlləsinə təsdiq etdiyi son dəyişiklikləri şərh edərkən deyib.

O bildirib ki, dəyişikliyə əsasən, faiz üzrə ödəmələrdən ödəmə mənbəyində verginin tutulmaması mexanizmi faiz gəliri əldə edən bütün hüquqi şəxslərə şamil ediləcək və faiz gəlirləri üzrə vergilənmədə vahid mexanizm tətbiq olunacaq: "Belə ki, faiz gəlirini əldə edən bütün hüquqi şəxslərin faiz gəlirlərinin ödəmə mənbəyində deyil, ümumi mənfəətdə bəyan edilməsi və ödənilməsi həyata keçiriləcək. Dəyişikliyə əsasən, yalnız rezident fiziki şəxsə, qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə (maliyyə lizinqini həyata keçirən fiziki şəxslər istisna olmaqla) və Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentə ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulacaq".

Elnur Yusifovun sözlərinə görə, bu dəyişikliyə qədər bəzi hallar istisna olmaqla, bütün fiziki və hüquqi şəxslərə ödənilən faizlərdən ödəmə mənbəyində 10% dərəcəsi ilə vergi tutulurdu: "İstisnalara rezident və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından rezident kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə, maliyyə lizinqini həyata keçirən rezident şəxslərə və ya qeyri-rezident banklara, həmin qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəliklərinə kreditlər (ssudalar), depozitlər (hesablar) üzrə ödənilən faizlər aid edilirdi".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR