“Fitch Ratings” qlobal iqtisadi artımla bağlı proqnozunu azaldıb

“Fitch Ratings” qlobal iqtisadi artımla bağlı proqnozunu azaldıb
# 14 iyun 2022 11:05 (UTC +04:00)

“Fitch Ratings” Agentliyi qlobal iqtisadi artımla bağlı proqnozunu endirib.

APA-Economics” xəbər verir ki, bu barədə agentliyin “Global Economic Outlook” hesabatının iyun buraxılışında bildirilib. Qeyd olunub ki, qlobal inflyasiya təzyiqləri güclənməkdə davam edir və iqtisadi artıma daha çox mənfi təsir göstərməyə başlayıb. Çindəki son kilidlənmələr qlobal istehsal tədarük zəncirinə təzyiqləri artırır.

Bundan əlavə, Rusiya-Ukrayna müharibəsindən qaynaqlanan enerji və ərzaq təchizatının kəsilməsi Avropa inflyasiyasına gözlənildiyindən daha sürətli təsir edir. İnflyasiya təzyiqləri xidmət sektorunda, xüsusən də sıx əmək bazarlarının nominal əmək haqqı artımını artırdığı ABŞ və Böyük Britaniyada da çoxalır.
Agentlik bu və digər faktorları nəzərə alaraq dünya üzrə ÜDM-in 2022-ci il üçün artım proqnozunu 0,6 faiz bəndi azaldaraq 2,9%-ə endirib.

Bundan başqa, Çində iqtisadi artımın mart ayındaki 4,8%-dən, bu il üzrə 3,7%-ə düşəcəyi proqnozlaşdırılır. “Fitch Ratings” ABŞ üçün proqnozunu isə 0,6 faiz bəndi artıraraq 2,9 faiz, Avrozona üçün isə 0,4 faiz bəndi artıraraq 2,6 faiz səviyyəsində yenidən nəzərdən keçirib.

Agentlik həmçinin, 2023-cü il üçün qlobal iqtisadi artım proqnozunu 0,1 faiz bəndi azaldaraq 2,7%-ə endirib. ABŞ-da artımın 2023-cü ildə 1,5%-ə, 2024-cü ildə isə 1,3%-ə düşəcəyi proqnozlaşdırılır.

“Fitch Ratings” ABŞ-ın Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini 2022-ci ilin 4-cü rübündə 3%-ə, 2023-cü ilin birinci rübündə isə 3.5%-ə, İngiltərə Bankının faiz dərəcələrini 2022-ci ilin 4-cü rübündə 2%-ə, 23-cü ilin birinci rübündə isə 2,5%-ə qaldıracağını düşünür.
Agentlik Avrozonada qısamüddətli dövrdə inflyasiyanın artdığını nəzərə alaraq, 2022-ci ildə Avropa Mərkəzi Bankının uçot dərəcəsini 100 faiz bəndi, 2023-cü ildə isə 50 faiz bəndi artıracağını, 2023-cü ilin ikinci rübündə uçot dərəcəsinin 1,5% səviyyəsində formalaşacağını proqnozlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR