Gələn həftə Bakıda “FİNTEX SAMMİT 2023” maliyyə və texnologiyalar sərgisi keçiriləcək

Gələn həftə Bakıda “FİNTEX SAMMİT 2023” maliyyə və texnologiyalar sərgisi keçiriləcək
# 09 iyun 2023 16:08 (UTC +04:00)

13-14 iyun tarixlərində Bakıda “FİNTEX SAMMİT 2023” maliyyə və texnologiyalar sərgisi baş tutacaq.

"APA-Economics"in məlumatına görə, sammit “Bank və Maliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, Fintex və Təhlükəsizlik” başlığı ilə keçiriləcək.

Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Mərkəzi Bankının təşkilatçılığı ilə iki gün davam edəcək Sammit maliyyə texnologiyaları, rəqəmsallaşma, ödəniş ekosisteminə dair fikir və təcrübə mübadiləsi üçün platforma olmaq məqsədi daşıyır. Bu platforma yeni maliyyə və bankçılıq məhsullarının, innovativ ödəmə həllərinin, rəqəmsal valyutaların, banklar və fintexlərin əməkdaşlıq imkanlarının və belə yeni texnologiyaların geniş vüsət alması ilə paralel yarana biləcək təhlükəsizlik çağırışlarının müzakirəsinə imkan yaradan məkandır.

Sammit səkkiz Paneldən ibarət olmaqla, “Müasir bankçılıq və maliyyə ekosisteminin inkişafinda Ümummilli Lider Heydər Əliyevin rolu”, “Gələcək: rəqəmsal bank”, “Ayrılmaz ekosistemlər: bankçılıq və texnologiya”, “Ödənişlərdə növbəti böyük partlayış (BIG BANG)”, “Komplayns üçün rəqəmsal həllər”, “Super bank tətbiqləri, yaxud super fintex xidmətləri”, “Kibertəhlükəsizlik” və “ESG üçün faydalı olan sektor üçün faydalıdır” kimi mövzuları əhatə edəcək.

Aidiyyəti dövlət qurumları, banklar və ödəniş ekosistemində təmsil olunan təşkilatlarla yanaşı, beynəlxalq maliyyə institutlarının, yerli və xarici ictimai təşkilatların, habelə xarici dövlətlərin Azərbaycandakı səfirliklərinin nümayəndələrinin iştirak edəcəyi bu tədbirdə Türkiyə, Amerika Birləşmiş Ştatları, Avropa Birliyi, Müstəqil Dövlətlər Birliyi, Yaxın Şərq və digər ölkələrdən 200-ə yaxın beynəlxalq təşkilatların və nüfuzlu şirkətlərin nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Sammit çərçivəsində, 13 iyun 2023-cü il tarixində “Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurası”nın ikinci iclası baş tutacaq. 2022-ci ilin noyabr ayında yaradılan və ikinci iclası Bakıda keçiriləcək Şuranın iclasına üzv ölkələr olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və qonaq qismində Macarıstan, Şimali Kipr Banklar Assosiasiyasının rəhbərləri və nümayəndələri qatılacaq.

Bundan əlavə, Sammit çərçivəsində Azərbaycan Banklar Assosiasiyası, Beynəlxalq Maliyyə Korporasıyası (IFC), “Türk Katılım Banklar Birliği” və Macarıstan Banklar Assosiasiyası arasında əməkdaşlığa dair sənədlər imzalanacaq.

1200 iştirakçının qatılacağı Sammitdə 50-yə yaxın spikerin əlaqədar mövzularda çıxış etməsi gözlənilir.

Qeyd edək ki, bu Sammit Bakıda hər il təşkil edilən iki beynəlxalq tədbirdən biri olmaqla regionun ən nüfuzlu maliyyə-bank tədbiridir. Digər tədbir isə illik əsasda keçirilən “Beynəlxalq Bankçılıq Forum”dur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR