I rübdə manatla pul təklifinin dinamikası inflyasiyaya azaldıcı təsir göstərib - İCMAL

I rübdə manatla pul təklifinin dinamikası inflyasiyaya azaldıcı təsir göstərib  - İCMAL
# 26 may 2022 09:59 (UTC +04:00)

2022-ci ilin I rübündə manatla pul təklifinin dinamikası əsasən fiskal sektorda gedən proseslərin təsiri altında formalaşmaqla inflyasiyaya azaldıcı təsir göstərib.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankının "Pul siyasəti icmalı"na əsasən məlumat verir ki, rüb ərzində manatla pul bazası 19.9% azalıb və dövrün sonuna 14.4 mlrd. manat təşkil edib. Sistem əhəmiyyətli bəzi banklarla aparılan müddətli depozit əməliyyatları təmizlənməklə manatla pul bazası ilin əvvəlinə nəzərən 7.8% azalıb. Dəyişmə əsasən profisitli dövlət büdcəsi şəraitində hökumət hesabları qalığının artması ilə əlaqədardır.

Hesabat dövründə, manatla pul bazasının struktur elementi olan dövriyyədəki nağd pulun həcmi 54.2%, manatla müxbir hesabların qalığı isə 54.4% azalıb (sistem əhəmiyyətli bəzi banklarla aparılmış müddətli depozit əməliyyatları nəzərə alınmadan 21.3% azalma). Manatla geniş pul kütləsi (M2) rüb ərzində 1.2% azalaraq 23.6 mlrd. manat təşkil edib.

M2-nin strukturunda dövriyyədə olan nağd pul, tələb olunana kimi əmanət və depozitlər, müddətli əmanət və depozitlər fərqli dinamika nümayiş etdirib. İlin əvvəli ilə müqayisədə M2 pul kütləsinin tərkibinə daxil olan nağd pul kütləsi 3.8% azalıb, manatla tələb olunanadək əmanət və depozitlər 1% (M2-də xüsusi çəkisi 41%), müddətli əmanət və depozitlər isə 1.4% (M2-də xüsusi çəkisi 14%) artıb. Nağdlaşma (M0/M2) isə ilin əvvəlindən 1.2% bəndi azalaraq 44.6% olub. Beləliklə M2- nin azalması nağd pul kütləsinin azalması hesabına baş verib.

Ümumilikdə, uzunmüddətli dövrdə M2-nin struktur komponentlərinin illik əsasda artım tempi depozitlər üzrə yüksəlməyə, nağd pul üzrə isə azalmaya meyillidir. Tələb olunanadək depozitlərin artım tempi daha çox yüksəlməyə meyl göstərir ki, bu da nağdsızlaşma ilə izah edilir.

Rüb ərzində M2-nin tərkibində hüquqi şəxslərin manatla depozitləri 7.2% azalıb, fiziki şəxslərin manatla əmanətləri isə 9.8% artıb. Hesabat dövründə geniş pul kütləsi (M3) 0.8% artıb və dövrün sonuna 34.9 mlrd.manat təşkil edib. Dövr ərzində M3 pul kütləsinin dəyişiminə Xalis Xarici Aktivlər (XXA) artırıcı, Xalis Daxili Aktivlər (XDA) isə azaldıcı təsir edib. Belə ki, rüb ərzində XXA 4.9% artıb, XDA isə 5.1% azalıb.

2022-ci ilin I rübündə depozitlərin dollarlaşmasında əhəmiyyətli dəyişiklik baş verməyib. Belə ki, xarici valyutada əmanət və depozitlərin cəmi əmanət və depozitlərdə xüsusi çəkisi mart ayının sonuna 46.4% olub. Xarici valyutada depozitlərin M3 pul aqreqatında xüsusi çəkisi isə 2022-ci il I rübün sonuna 32.4% təşkil edib.

Hüquqi şəxslərin depozitlərində xarici valyutanın payı rübün sonuna 55.5% təşkil etib. Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi isə 42.3% olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR