İdarə Heyətinin sədri: ““Atəşgah” Sığorta növbəti 3 illik strategiya üzərində işləyəcək" - MÜSAHİBƏ

İdarə Heyətinin sədri: ““Atəşgah” Sığorta növbəti 3 illik strategiya üzərində işləyəcək" -  MÜSAHİBƏ
# 29 iyun 2022 16:28 (UTC +04:00)

Pandemiya və onun iqtisadi təsirləri Azərbaycan sığorta bazarından da yan keçməyib. Sığorta bazarının drayverlərindən olan icbari avtomobillər sığortası üzrə xərclərin getdikcə artması və zərərliliyin yüksəlməsi sığorta şirkətlərinin maliyyə durumuna da təsirsiz ötüşmür. “APA-Economics” sığorta bazarının son vəziyyətini “Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin sədri Azər Əliyevlə müzakirə edib.

- Azər bəy, “Atəşgah" SŞ-nin ötən il subroqasiya gəlirləri 17% artıb. Yəni, bu o deməkdir ki, sizin şirkətin məhkəməyə müraciət etdiyi və qalib gəldiyi işlər artıb? Ümumiyyətlə, sığorta məhkəmələri əsasən hansı mübahisələrlə bağlı olub?

- Qeyd etmək lazımdır ki, bu cür artıma bir neçə səbəb təsir edir. İlk növbədə, pandemiyanı unutmamalıyıq. 2020-ci ildə məhkəmələr böyük məhdudiyyətlər şəraitində çalışırdı, müvafiq olaraq baxılan işlərin sayı da olduqca az idi. Əhali həmin dövrdə güclü stressə məruz qalmışdı, gəlir səviyyəsi kəskin azalmışdı ki, bu da pul yığımı prosesinə öz təsirini göstərirdi. İkincisi, “Atəşgah” SŞ-nin portfelinin strukturu olduqca dəyişdi. Son illər ərzində biz avtomobil sahibləri üçün könüllü sığorta növlərinin, xüsusilə də KASKO məhsullarının satışını artırmağa çalışırdıq. İkinci sualınıza gəldikdə isə, deyə bilərəm ki, subroqasiya işlərinin 90%-i məhz elə KASKO məhsullarına aiddir.

- 2021-ci ildə “Atəşgah" SŞ-nin xalis mənfəəti niyə kəskin azalıb? Buna hansı amillər təsir edib?

- Niyə mənfəət azalıbdır sualının cavabı odur ki, pandemiya azalmaya ciddi təsir edən amil olub. Belə ki, ölkədə nəqliyyat vasitələrinin istifadəsində müşahidə olunan azalma öz növbəsində sığorta hadisələrinin kəskin azalmasına, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (NVSMMİS) üzrə zərərlərin və uyğun sığorta ehtiyatlarının azalmasına gətirib çıxarmışdı. Bu səbəbdən 2020-ci ildə şirkət daha çox gəlir əldə etdi, amma 2021-ci ildə yenidən hadisələrin artması fonunda sığorta ödənişləri də kəskin artmağa başladı və nəticədə gəlir azaldı.

- Bu ilin yanvar-aprel ayları üzrə sığorta şirkətinin yığımları 20% artıb. Şirkət satış strategiyasında hansısa dəyişikliklər edib, yoxsa buna təsir edən başqa amillər var?

- Sığorta şirkətinin mükafatlarının toplanması həcminin artıb-azalması ilə əlaqəli təhlil zamanı illik göstəriciləri rəhbər tutmaq arzuolunandır. 2022-ci ilin ilk dörd ayının göstəriciləri barədə danışdıqda isə, son 3 il ərzində portfelin şaxələnməsi istiqamətində görülən sistemli planlı iş, eləcə də müştərilərimiz arasında xidmət keyfiyyətinin artımı sayəsində 20% artıma nail olmaq mümkün olub. “Atəşgah” SŞ-nin strategiyasına gəldikdə isə, biz geniş agent şəbəkəsi vasitəsilə əhaliyə daha çox könüllü və baha olmayan məhsul satmağa çalışırıq, onlayn satış texnologiyalarını və telemarketinqi ciddi şəkildə inkişaf etdiririk. Strategiyanın vacib tərkib hissələrindən biri hər bir sığortalanmış müştəriyə fərdi yanaşmanı təmin etməklə, müştərilərimizin məmnuniyyətinin artırılması istiqamətində apardığımız işdir. Bu asan deyil, lakin artıq ciddi nəticələr əldə edilib.

- Sığorta bazarında baş verən yeni tendensiyalar şirkətin fəaliyyətinə necə təsir edir?

- “Atəşgah” SŞ hər zaman bazar şirkəti olub və olmaqdadır. Elə bu səbəbdən də müsbət və ya mənfi olmasından asılı olmayaraq, Azərbaycanın sığorta bazarında baş verən istənilən hadisə şirkətimizdə öz əksini tapır. Misal üçün, bazarda nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (NVSMMİS) kimi sığorta növü istiqamətində itkilərin artması avtomatik olaraq bu itkini bizim şirkətimizin daxilində də artırır. Bazarda KASKO istiqamətində satışların artması isə portfelimiz daxilində bu məhsulun artmasına təsir edir.

- Bilirsiniz, son zamanlar kiçik mühərrikli avtomobillərin sığortası problemə çevrilib. Sığorta şirkətləri bu avtomobilləri qeyri-rəsmi şəkildə sığortalamaqdan imtina edir. "Atəşgah Sığorta"nın yanaşması necədir və sizcə bu problem həllini necə tapmalıdır?

- “Atəşgah” SŞ bütün müştərilərə xidmət göstərir. Qanuna əsasən, avtomobillərin icbari sığorta məhsulunu (NVSMMİS) satmamaq kimi bir hüququmuz yoxdur. Lakin bazarda problemlər hələ də mövcuddur və təəssüf ki, bu problemlər ildən-ilə daha da dərinləşir. Kiçik mühərrikli avtomobillərə gəldikdə, mən bu problemi bir qədər fərqli ifadə edərdim. Çətinliklər ilk növbədə, taksi kimi fəaliyyət göstərən avtomobillər və avtobus sürücüləri ilə yaranır. Əfsuslar olsun ki, bu seqment ən çox zərər gətirən seqmentdir. Və problem də sığortaçının bu riskləri qiymətləndirərkən onları adekvat şəkildə qiymətləndirə bilməməsindən irəli gəlir. Çünki sürücünün taksi fəaliyyəti ilə məşğul olması barədə məlumat sadəcə olaraq mövcud deyil. Hal-hazırda, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Asossasiyası və İcbari Sığorta Bürosu bu vəziyyətin təkmilləşdirilməsi üzərində fəal şəkildə iş aparır.

- Avtomobillərin icbari sığortasında zərərliliyin artması istər-istəməz şirkətləri könüllü sığorta növlərinə yönəldir. "Atəşgah Sığorta"nın bu il və qarşıdakı illər üçün əsas böyümə strategiyası nələri əhatə edir?

- 2022-ci ilin ortalarında “Atəşgah” SŞ növbəti 3 illik strategiyanın hazırlanması üzərində işə başlayacaq. Lakin elə indi deyə bilərəm ki, könüllü tibbi sığorta, KASKO kimi könüllü məhsullar, eləcə də daşınar və daşınmaz əmlakın könüllü sığortalanması portfelimizdə prioritet təşkil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR