Maliyyə Nazirliyində Dünya Bankı və SECO nümayəndələri ilə müzakirələr aparılıb

Maliyyə Nazirliyində Dünya Bankı və SECO nümayəndələri ilə müzakirələr aparılıb
# 06 oktyabr 2022 17:08 (UTC +04:00)

Oktyabrın 6-da maliyyə naziri Samir Şərifov Dünya Bankının və İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) birgə həyata keçirdiyi Ortamüddətli Xərclər Çərçivəsi (OMXÇ) üzrə Potensialın Gücləndirilməsi layihəsi çərçivəsində Dünya Bankının missiyası və SECO-nun nümayəndə heyəti ilə görüşüb.

Bu barədə "APA-Economics" Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, görüşdə OMXÇ-nin tətbiqi və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının həyata keçirilməsi, ortamüddətli makro-fiskal çərçivənin gücləndirilməsi, büdcə təqviminin, baza proqnozlarının hazırlanması üzrə metodologiyanın, büdcə təsnifatının və OMXÇ-nin və nəticəəsaslı büdcənin tətbiq olunduğu pilot sektorlarda əsas fəaliyyət və nəticə göstəricilərinin təkmilləşdirilməsi istiqamətində dəstəyin davam etdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Samir Şərifov Azərbaycanın Dünya Bankı qrupu ilə əməkdaşlığını yüksək qiymətləndirərək, ötən müddət ərzində müxtəlif istiqamətlərdə birgə layihələrin uğurla həyata keçirildiyini bildirib. Büdcə xərclərinin ünvanlılığının, səmərəliliyinin və nəticəliliyinin təmin olunmasında OMXÇ-in tətbiqinin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edən nazir ölkəmizdə dövlət maliyyəsinin idarə olunması sahəsində aparılan islahatlardan bəhs edib, bu tədbirlərin iqtisadiyyatda şəffaflığın və dövlət tənzimləməsinin səmərəliliyinin artırılmasında mühüm rolunu vurğulayıb.

Öz növbəsində Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl təmsil etdiyi qurumun Azərbaycanla səmərəli əməkdaşlığını qeyd edib, ölkəmizdə aparılan iqtisadi islahatların bir çox beynəlxalq maliyyə qurumları tərəfindən də dəstəkləndiyini bildirib.

Eyni zamanda, Dünya Bankının missiya rəhbəri Ian Halvdan Ross Hawkesworth sözügedən layihə çərçivəsində bugünədək görülmüş işlər və atılacaq növbəti addımlar barədə məlumat verib və islahatların davam etdirilməsi istiqamətində Azərbaycana dəstəyi davam etdirməyə hazır olduqlarını bildirib.

Daha sonra çıxış edən SECO-nun nümayəndə heyətinin rəhbəri Alberto Hernandez Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının OMXÇ üzrə həyəta keçirilən islahatlara mühim töhfələr verəcəyini vurğulayıb.

Görüş zamanı OMXÇ-nin tətbiqi və nəticəəsaslı büdcə mexanizminə keçid islahatları ilə bağlı məsələlər və “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” ilə əlaqələri diqqət mərkəzində olub, həyata keçirilən islahatlar nəzərə alınmaqla mövcud büdcə təsnifatına mümkün dəyişikliklərin edilməsinə dair müzakirələrin davam etdirilməsi qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR