Mərkəzi Bank bu gündən 1 günlük repo və əks-repo əməliyyatlarına başlayıb

Mərkəzi Bank bu gündən 1 günlük repo və əks-repo əməliyyatlarına başlayıb
# 01 sentyabr 2022 11:01 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) bu gündən etibarən yeni pul siyasəti alətlərini işə salıb.

"APA-Economics" xəbər verir ki, AMB daimi imkan alətləri olaraq sterilizasiya məqsədilə 1 günlük depozit əməliyyatlarının, likvidliyin verilməsi məqsədilə isə 1 günlük əks-repo əməliyyatlarının aparılmasına başlayıb. Məlumata görə, sterilizasiya məqsədilə 1 günlük depozit əməliyyatları üzrə faiz dərəcəsi faiz dəhlizinin aşağı həddinə, likvidliyin verilməsi məqsədilə 1 günlük əks-repo əməliyyatları üzrə faiz dərəcəsi isə faiz dəhlizinin yuxarı həddinə bərabərdir. Başqa sözlə, Mərkəzi Bank 9.25%-lə 1 günlük borc(əks-repo) verə, 4%-lə isə 1 günlük borc ala (repo) biləcək.

Bundan əlavə, Mərkəzi Bank açıq bazar əməliyyatlarının təkmilləşdirilməsi çərçivəsində sterilizasiya məqsədilə zəruri halda 1, 3, 6 və 9 aylıq notlarla yanaşı 7 günlük repo hərraclarının keçirilməsini də nəzərdə tutur. Likvidliyin verilməsi yönümlü açıq bazar əməliyyatları olaraq zəruri hallarda 7 günlük əks-repo hərraclarının keçirilməsi planlaşdırılır. 7 günlük repo əməliyyatları üzrə faizlərin faiz dəhlizinin aşağı həddi ilə uçot dərəcəsi arasındakı intervalda tənzimlənməsi nəzərdə tutulur. 7 günlük əks-repo əməliyyatlarına görə faizlər uçot dərəcəsi ilə faiz dəhlizinin yuxarı həddi arasındakı intervalda müəyyənləşəcək. 1, 3, 6 və 9 aylıq notların gəlirliyi isə bazarda tələb-təklif nisbətindən asılı olaraq formalaşacaq. Pul bazarı, xüsusilə də banklararası bazardakı vəziyyətdən asılı olaraq digər açıq bazar əməliyyatları da tətbiq oluna bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR