Mərkəzi Bank sığorta şirkətlərinin "şikayət indeksi"ni açıqlayacaq

Mərkəzi Bank sığorta şirkətlərinin "şikayət indeksi"ni açıqlayacaq
# 05 oktyabr 2022 11:32 (UTC +04:00)

Avto-icbari sığorta sahəsində istehlakçıların məlumatlığının və sığortaçıların istehlakçılara münasibətdə ədalətli davranışının yüksəldilməsi məqsədilə bu sahədə Mərkəzi Banka daxil olan şikayətlər üzrə hesablanan “şikayət indeksi”nin ictimaiyyətə açıqlanması qərara alınıb.

"APA-Economics" AMB-yə istinadən xəbər verir ki, indeksin aylıq əsasda yayımlanması nəzərdə tutulub.

Şikayət indeksi açıqlandığı tarixdən son 12 ay ərzində əldə edilmiş məlumatlar əsasında hər bir sığortaçı üzrə hesablanacaq və aylıq məlumatlar əsasında yenilənəcək. İndeksin hesablanma metodologiyası və onun izahı Mərkəzi Bankın veb səhifəsində yerləşdirilmiş müvafiq cədvəlin aşağı hissəsində qeyd edilib.

Son 12 ayda avto-icbari sığorta üzrə Mərkəzi Banka 1872 sayda şikayət daxil olub. Onların 1261 ədədi qanunvericiliyə uyğun olaraq tam və ya qismən təmin edilib, 536 ədədi üzrə isə qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib. Mərkəzi Bankda bir qayda olaraq şikayətlər operativ idarəetməyə götürülür, sığorta istehlakçıların hüquqlarının qorunması üçün müvafiq tədbirlər görülür. Bu dövrdə sığorta sahəsi üzrə daxil olmuş şikayətlər əsasında Mərkəzi Bank tərəfindən maliyyə xidmətləri istehlakçılarının pozulmuş hüquqlarının təmin edilməsi məqsədi ilə sığortaçılara 107 sayda icrası məcburi göstərişlər verilmiş, sığortalılara 724 min manat sığorta ödənişinin həyata keçirilməsi təmin edilib.

Mərkəzi Bank sığorta bazarı iştirakçılarının sığorta istehlakçılarına münasibətdə ədalətli davranışının daha da yaxşılaşdırılması, sığorta sahəsində ictimai məlumatlığın genişləndirilməsi məqsədilə qabaqcıl beynəlxalq təcrübələrə əsaslanan tədbirlərini davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR