Mərkəzi Bankın ödəniş sistemlərinin təşkili sahəsində səlahiyyətləri genişləndirilib

Mərkəzi Bankın ödəniş sistemlərinin təşkili sahəsində səlahiyyətləri genişləndirilib
# 05 iyun 2023 10:06 (UTC +04:00)

Mərkəzi Bankın ödəniş sistemlərinin təşkili sahəsində səlahiyyətləri genişləndirilib.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna görə, Mərkəzi Bank yaratdığı banklararası mərkəzləşdirilmiş və digər lisenziyalaşdırılmayan ödəniş sistemlərinin sabit işləməsini təmin etmək məqsədilə onların fəaliyyətini təşkil edir, əlaqələndirir, tənzimləyir və onların fəaliyyətinə nəzarət edir. O cümlədən Mərkəzi Bank yaratdığı banklararası mərkəzləşdirilmiş ödəniş və digər lisenziyalaşdırılmayan sistemlərində nağdsız hesablaşmaların aparılması qaydalarını və şərtlərini, habelə istifadə olunan ödəniş sənədlərinin forma və məzmununu müəyyən edir.

Layihəyə əsasən, Mərkəzi Bank ölkə ərazisində fəaliyyət göstərən banklar, xarici bankların yerli filialları və poçt rabitəsinin milli operatoru arasında milli valyutada hesablaşmaların həmin təşkilatların Mərkəzi Bankda açdıqları müxbir hesablar vasitəsilə həyata keçirilməsini təşkil edəcək. Mərkəzi Bank ödəniş xidmətləri təchizatçıları tərəfindən ödəniş əməliyyatlarının aparılması və onlar arasında hesablaşmaların həyata keçirilməsi qaydalarını, həmçinin ödəniş alətlərinə dair tələbləri müəyyən edəcək. Mərkəzi Bank Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və digər normativ hüquqi aktlara uyğun olaraq bank hesablarının növlərini, onların açılması, aparılması və bağlanması qaydalarını, habelə bank hesablarının strukturunu müəyyən edəcək. Ödəniş sistemlərinin inkişafını dəstəkləmək məqsədilə Mərkəzi Bank ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən xidmət haqqı tariflərinin (interçeyncin) yuxarı həddini müəyyən etmək hüququna malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR