Mərkəzi Bankın sədri kommersiya banklarının rəhbərləri ilə görüşüb

Mərkəzi Bankın sədri kommersiya banklarının rəhbərləri ilə görüşüb
# 22 iyul 2022 11:59 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun kommersiya banklarının rəhbərləri ilə növbəti görüşü keçirilib. Görüşün məqsədi bank sektoru üzrə cari ilin birinci yarısının nəticələri, ölkədə və qlobal mühitdə son makroiqtisadi meyillərin maliyyə-bank sektoruna təsirləri, iqtisadi inkişafda bank sisteminin rolunun artırılması və digər aktual məsələlərin müzakirə edilməsindən ibarət olub.

"APA-Economics" AMB-yə istinadən xəbər verir ki, ölkədə dayanıqlı makroiqtisadi sabitlik və sosial-iqtisadi inkişafa dair hədəf və vəzifələri xüsusi qeyd edən Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib ki, həyata keçirilən quruculuq islahatları və inkişaf siyasəti nəticəsində ölkədə makroiqtisadi sabitlik və maliyyə dayanıqlığı təmin edilib. Eyni zamanda bu istiqamətdə genişmiqyaslı tədbirlərin davam etdiyini diqqətə çatdıraraq vurğuladı ki, ölkədə maliyyə inklüzivliyinin inkişafında bank sisteminin aparıcı rolunun daha da gücləndirilməsi, müasir bankçılıq üzrə son qlobal çağırışlara çevik uyğunlaşma, maliyyə-bank sektorunun milli iqtisadiyyatın inkişafına davamlı dəstəyi üzrə yeni hədəflərə nail olunması və digər istiqamətlərdə işlər bundan sonra da fəal davam etdiriləcək.

Daha sonra ölkədə və qlobal mühitdə son makroiqtisadi meyillər və proqnozlar, həmçinin bank sektoru üzrə son trendlər və risklər mövzularında təqdimatlar olub, sual-cavab sessiyası keçirilib, həmçinin irəli sürülən məsələlər barədə müzakirələr aparılıb.

Görüşdə kommersiya banklarının rəhbərləri çıxış edərək ölkədəki makroiqtisadi və maliyyə sabitliyi, maliyyə inklüzivliyinin artırılması, bankçılıqda cari və strateji inkişaf məsələləri və dayanıqlı inkişaf meyillərilə bağlı fikirlərini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR