“Muğanbank”ın xalis mənfəəti 27 dəfə azalıb

“Muğanbank”ın xalis mənfəəti 27 dəfə azalıb
# 26 yanvar 2023 14:07 (UTC +04:00)

“Muğanbank” ASC 2022-ci ilin maliyyə nəticələrini açıqlayıb.

“Apa-Economics” “Muğanbank”ın maliyyə hesabatına istinadən xəbər verir ki, bankın 2022-ci ildə xalis mənfəəti 27.4 dəfə azalaraq cəmi 56.6 min manat olub. Qeyd edək ki, bu göstərici 2021-ci ildə 1 mln. 552 min manata bərabər olub.

31 dekabr 2022-ci il tarixinə bankın faiz gəlirləri 2021-ci ilə nisbətən 41.4% və ya 11 mln. 715 min manat artaraq 40 mln.11 min manata, faiz xərcləri 28.4% və ya 7 mln. 975 min manat artaraq 36 mln. 81 min manata çatıb. Xalis faiz gəlirləri dövr üzrə 20 dəfə və ya 3 mln. 740 min manat artaraq 3 mln. 930 min manata bərabər olub.

Bankın əməliyyat mənfəəti ötən il 11 dəfə və ya 15 mln. 70 min manat artaraq 16 mln. 562 min manat təşkil edib. 2021-ci ildə bu göstərici 1 mln. 492 min manat idi.

Ardıcıl olaraq “Muğanbank”ın həm 2021, həm də 2022-ci illər üzrə mənfəət vergisi ödəməsi olmayıb.

Hesabat dövründə bankın kredit portfeli (müştərilərə verilmiş kredit) 13.1% və ya 52 mln.710 min manat artaraq 453 mln.771 min manat təşkil edib. İstehlak kreditlərinin həcmi 50.5% və ya 14 mln. 972 min manat artaraq 44mln. 587 min manat, biznes kreditlərinin həcmi 11.8% və ya 31mln. 251 min artaraq 295 mln. 121 min manat, daşınmaz əmlak kreditlərinin həcmi isə 6% və ya 6 mln. 488 min manat artaraq 114 mln. 49 min manat təşkil edib.

2022-ci ildə bankda ümumi depozitlərin həcmi 2021-ci ilə nisbətən 14.5% və ya 94 mln. 905 min manat artaraq 491 mln. 756 min manata yüksəlib. Ancaq hüquqi şəxslərin depozitləri 16.3% və ya 18.9 mln. manat azalaraq 97 mln. 101 min manat olub.

Bu ilin yanvarın 1-nə “Muğanbank”ın cəmi aktivləri 2021-ci illə müqayisədə 12.8% və ya 90 mln. 886 min manat artaraq 799 mln. 358 min manata yüksəlib. Bankın öhdəliklərinin həcmi isə 14.5% və ya 89 mln. 671 min manat artaraq 706 mln.158 min manata bərabər olub.

Hesabat dövründə bankın cəmi kapitali 1.3% artaraq 93 mln.180 min manat təşkil edib.

Şükran Məmmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR