Nazir: “Neft Fondundan 850 milyon manat transfert icra edilməyib, qənaət olunub”

Samir Şərifov, maliyyə naziri

© APA | Samir Şərifov, maliyyə naziri

# 25 may 2022 11:27 (UTC +04:00)

“Əsasən bizi sevindirən hal qeyri-neft sektoru üzrə büdcə daxilolmalarının proqnozdan çox - 114 % icra olunmasıdır”.

APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, bu, 2020-ci illə müqayisədə 20 %-dən çox icra deməkdir: “Büdcəyə 48,7 % qeyri neft sektorundan daxilolmalar olub. Digər sevindirici hal odur ki, Dövlət Neft Fondundan dövlət büdcəsinə 850 milyon manat məbləğində transfertin icra edilməməsi barədə qərar qəbul edilib və bu vəsait Dövlət Neft Fondundan saxlanılıb. İqtisadiyyatdakı proseslər bizə imkan verib ki, bəzi məsələləri dövlət büdcəsinin mədaxili hesabına təmin edək və ona görə də həmin transfert qənaət olunub. Büdcə təşkilatlarının ödənişli xidmətlərindən 613 milyon manat məbləğində vəsait daxil olub. Ümumiyyətlə, dövlət büdcəsinin gəlirləri olduqca qənaətbəxş hesab oluna bilər”.

Samir Şərifov qeyd edib ki, sosialyönümlü xərclər dövlət büdcəsində xüsusi paya malikdir: “Mütləq ifadədə 10 milyard 217 milyon manat sosialyönümlü xərclər olub. 2020-ci ildə müdafiə və milli təhlükəsizlik xərclərinə 21 % çox vəsait ayrılıb. Bunun da səbəbləri var. Bu, ölkəmizin müdafiə qabiliyyətinin artırılması ilə bağlı daha təsirli addımların atılması ilə bağlı Prezidentin tapşırığından irəli gəlir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR