Ötən il təhsil xərcləri proqnozlaşdırılandan 3,3 faiz az olub

Ötən il təhsil xərcləri proqnozlaşdırılandan 3,3 faiz az olub
# 25 may 2022 11:01 (UTC +04:00)

2021-ci ilin dövlət büdcəsində təhsil xərclərinə 3198,2 milyon manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulsa da, aidiyyəti sifarişçi təşkilatların xərc sifarişlərinə uyğun olaraq 3092,2 milyon manat məbləğində vəsait istifadə olunub.

APA xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”da yer alıb.

Bu da proqnoza nisbətən 106,0 milyon manat və ya 3,3 faiz az, 2020-ci illə müqayisədə isə 317,9 milyon manat və ya 11,5 faiz çoxdur.

Hesabat ilində təhsil xərcləri ÜDM-in 3,3 faizini, dövlət büdcəsi xərclərinin isə 11,3 faizini (2020-ci illə müqayisədə 0,8 faiz-bənd çox) təşkil edib.

Eyni zamanda 2021-ci ilin dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərindən təhsil sahəsinə ayrılmış 215,3 milyon manat məbləğində vəsait də nəzərə alınmaqla, 2021-ci ildə təhsil sahəsinə dövlət büdcəsi xərclərinin 12,1 faizi həcmində (2020-ci illə müqayisədə 0,7 faiz-bənd çox) və ya 3307,5 milyon manat məbləğində vəsait yönəldilib ki, bu da 2020-ci illə müqayisədə 303,6 milyon manat və ya 10,1 faiz çoxdur.

Son 5 ildə (2017-2021-ci illər) təhsil xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 1,4 faiz-bənd, mütləq ifadədə isə 1349,5 milyon manat və ya 1,8 dəfə artıb.

Funksional təsnifata uyğun olaraq (dövlət əsaslı vəsait qoyuluşu xərclərindən ayrılmış vəsait istisna olmaqla), təhsil xərcləri (cari) üzrə istifadə olunmuş vəsaitin 1687,8 milyon manatı (2020-ci illə müqayisədə 55,7 milyon manat və ya 3,4 faiz çox) və ya 54,6 faizi ümumi təhsil xərclərinin, 644,6 milyon manatı (2020-ci illə müqayisədə 144,1 milyon manat və ya 28,8 faiz çox) və ya 20,8 faizi təhsil sahəsində digər müəssisə və tədbirlərin (məktəbdənkənar təhsil müəssisələrinin, ərazi maliyyə hesablaşma mərkəzlərinin və mərkəzləşdirilmiş mühasibatlıqların saxlanılması xərcləri, publik hüquqi şəxslərə maliyyə yardımının (subsidiya) ayrılması, dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların dövlət büdcəsindən ayrılmış təxsisatlardan başqa əlavə gördükləri iş və göstərdikləri xidmətlərdən əldə etdikləri gəlirləri hesabına maliyyələşdirilən xərcləri (büdcədənkənar xərcləri) və təhsil sahəsində digər tədbirlər), 369,9 milyon manatı (2020-ci illə müqayisədə 51,6 milyon manat və ya 16,2 faiz çox) və ya 12,0 faizi ali təhsil xərclərinin (dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi və digər ali təhsil müəssisələrinin fəaliyyətinin maliyyə təminatı ilə bağlı xərclər), 275,4 milyon manatı (2020-ci illə müqayisədə 67,9 milyon manat və ya 32,7 faiz çox) və ya 8,9 faizi məktəbəqədər təhsilin, 68,3 milyon manatı və ya 2,2 faizi orta ixtisas təhsilinin, 39,0 milyon manatı və ya 1,3 faizi peşə təhsilinin, 4,5 milyon manatı (2020-ci illə müqayisədə 0,5 milyon manat və ya 11,4 faiz çox) və ya 0,1 faizi təhsil sahəsində tətbiqi tədqiqatların, 2,7 milyon manatı və ya 0,1 faizi əlavə təhsilin maliyyələşdirilməsinə yönəldilib.

İqtisadi təsnifata uyğun olaraq təhsil xərcləri üzrə (cari) əməyin ödənişinə 2157,7 milyon manat (2020-ci illə müqayisədə 57,9 milyon manat və ya 2,8 faiz çox), malların (işlərin və xidmətlərin) satın alınmasına 621,4 milyon manat (2020-ci illə müqayisədə 186,3 milyon manat və ya 42,8 faiz çox), sosial ödənişlərə 162,2 milyon manat (2020-ci illə müqayisədə 36,9 milyon manat və ya 29,4 faiz çox), qeyri-maliyyə aktivlərinin alınmasına (sosial, mədəni və məişət təyinatlı obyektlərinin əsaslı təmiri və yenidən qurulması, maşın və avadanlıqlar, qeyri-maddi aktivlərin alınması və s.) 77,1 milyon manat (2020-ci illə müqayisədə 8,7 milyon manat və ya 12,7 faiz çox), subsidiyalara 70,4 milyon manat (2020-ci illə müqayisədə 27,4 milyon manat və ya 1,6 dəfə çox), qrantlara və digər ödənişlərə 3,4 milyon manat (2020-ci illə müqayisədə 0,8 milyon manat və ya 30,8 faiz çox) vəsait sərf edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR