Özəlləşdirmədən ötən il dövlət büdcəsinə 113 mln. manatadək vəsait daxil olub

Özəlləşdirmədən ötən il dövlət büdcəsinə 113 mln. manatadək vəsait daxil olub
# 13 yanvar 2022 16:12 (UTC +04:00)

Azərbaycanda 2021-ci ildə dövlət əmlakının özəlləşdirilməsi çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 59 hərrac keçirilib.

"APA-Economics"in İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, hərraclarda 16 səhmdar cəmiyyətinin səhm paketi, 35 kiçik dövlət müəssisəsi, 4 yarımçıq tikili və 249 nəqliyyat vasitəsi özəlləşdirilib.

İnnovasiyaların və elektron üsulların tətbiqi, prosedurların daha da sadələşdirilməsi özəlləşdirmə prosesində səmərəliliyin və vətəndaş məmnunluğunun yüksəlməsinə səbəb olub. Belə ki, ötən il hərraca çıxarılmış dövlət əmlakı üzrə 93 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 40 onlayn qoşulma reallaşıb.

Yerin təkinin daha səmərəli istifadəsi məqsədilə ilk dəfə olaraq 2021-ci ildən keçirilməyə başlayan hərraclar vasitəsilə ümumilikdə 29 faydalı qazıntı yatağı istismara verilib.

Dövlət əmlakının özəlləşdirilməsinin mütərəqqi üsullarından biri də investisiya müsabiqəsidir. Ötən il ərzində 4 müəssisənin dövlətə məxsus səhm və paylarının satışı üzrə investisiya müsabiqəsi keçirilib, dövlət büdcəsinə 10 mln. manatdan artıq məbləğdə vəsaitin köçürülməsi təmin edilib. İnvestorlar 18 mln. manata yaxın məbləğdə investisiya proqramlarının icrasına, müəssisələrin dövlət büdcəsinə vergi və sosial ayırmalar üzrə borclarının ödənilməsinə dair öhdəliklər götürüb.

Qeyd edək ki, əvvəlki illərdə investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmiş müəssisələr də daxil olmaqla, 2021-ci il ərzində müəssisələrə 21,3 mln. manata yaxın investisiya yatırılıb.

2021-ci ildə özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 112,7 mln. manat təşkil edib və illik proqnoz ­­101,6% icra olunub. Bu, 2020-ci ilin göstəricisindən 83,2% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR