Parlament gələn ilin büdcə zərfini birinci oxunuşda qəbul edib - YENİLƏNİB

Parlament gələn ilin büdcə zərfini birinci oxunuşda qəbul edib - YENİLƏNİB
# 17 noyabr 2022 16:55 (UTC +04:00)

Milli Məclisdə 2023-cü ilin büdcəsi müzakirəyə çıxarılıb.

APA xəbər verir ki, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi parlamentin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Qeyd edək ki, parlament tarixində ilk belə haldır ki, çıxışa yazılmış deputatların hər biri çıxış edib, müvafiq təkliflərini səsləndiriblər.

***

16 noyabr, saat 11.37

Milli Məclisdə 2023-cü ilin büdcəsi müzakirəyə çıxarılıb.

APA xəbər verir ki, iclasda Baş nazir Əli Əsədov və hökumət üzvləri iştirak edir.

“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən, 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.

Layihədə 2023-cü ildə dövlət büdcəsinin xərcləri 33,3 milyard manat proqnozlaşdırılır ki, bu da 2022-ci illə müqayisədə 1,0 milyard manat, 2021-ci illə müqayisədə isə 5,9 milyard manat çoxdur. 2023-cü ilin dövlət büdcəsinin gəlirləri kimi xərcləri də ölkə tarixinin ən yüksək göstəricisidir.

Eyni zamanda layihəyə görə, 2023-cü ildə icmal büdcənin gəlirləri 32939,4 milyon manat (ÜDM-nin 31,1 faizi) səviyyəsində proqnozlaşdırılıb ki, bu da 2022-ci ilin yenidən baxılmış proqnozuna nəzərən 3721,5 milyon manat və ya 10,2 faiz azalma deməkdir.

İcmal büdcə xərcləri isə növbəti ildə 37883,0 milyon manat proqnozlaşdırılıb ki, bu da ÜDM-nin 35,8 faizini təşkil edir. İcmal büdcənin xərcləri 2022-ci ilin yenidən baxılmış proqnozu ilə müqayisədə 2342,1 milyon manat və ya 6,6 faiz çoxdur. 2023-cü il üzrə icmal büdcədə 4943,6 milyon manat büdcə kəsri (defisit) olacağı proqnozlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR