Parlament və Hesablama Palatasının qrafik əsasında görüşlərinin keçirilməsi təklif olunub

Vüqar Gülməmmədov, Hesablama Palatasının sədri

© APA | Vüqar Gülməmmədov, Hesablama Palatasının sədri

# 25 may 2022 12:40 (UTC +04:00)

“Hesablama Palatası ortamüddətli xərclər çərçivəsinin tətbiqi ilə bağlı hüquqi bazanın tam formalaşdırılmamasını diqqətə alaraq, pilot bölmələr üzrə əks etdirilmiş maliyyələşmə və hədəf göstəricilərinin uyğunlaşdırılması, eləcə də çərçivədə əks etdirilmiş tədbirlərin dövlət proqramları və strategiyaları ilə uzlaşdırılması məqsədilə yeni büdcə modelinə keçid üzrə fəaliyyətin təkmilləşdirilməsinin vacibliyi qənaətindədir”.

APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Palata sədri bildirib ki, dövlət borcu üzrə aparılan təhlillər borc dayanıqlılığını ifadə edən göstəricilərin tələb olunan meyarlar çərçivəsində olduğunu göstərir:

“Müsbət meyllərin izlənməsi fonunda dövlət borcunun idarəedilməsi üzrə bəzi məqamların, o cümlədən dəyişkən faiz dərəcəsi ilə əldə edilən vəsaitlərin, şərti öhdəliklərin, dövlət müəssisələrinin borc həcminin diqqətdə saxlanmasını da vacib hesab edirik. Ali audit orqanı olaraq yuxarıda göstərilənlərin bir çoxunun təkrarlanma xarakterinə malik olduğunu diqqətə almaqla ümumilikdə həmin meyllərə yol açan əsasların mərhələli şəkildə müəyyənləşdirilərək aradan qaldırılması üçün parlament-Hesablama Palatası-büdcə icraçıları üçlüyündə əlaqələrin sıxlaşdırılması, belə görüşlərin müəyyən qrafiklər əsasında həyata keçirilməsi, bu prosesdə artıq atılmış addımlar üzrə əldə olunmuş nəticələrinin təsirlərinin də müzakirəsini təklif edirik. Ümumilikdə, dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi və hesabata dair rəydə daha geniş məlumatların əks etdirildiyini vurğulamaqla, millət vəkillərinin əsas diqqətini dövlət büdcəsinin icrası ilə bağlı meyllərə yönəltməklə Rəyimizin də müzakirələrə töhfə verəcəyi qənaətindəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR