“PAŞA Bank"ın maliyyə durumu məlum olub - Hesabat

“PAŞA Bank"ın maliyyə durumu məlum olub - Hesabat
# 23 yanvar 2023 10:02 (UTC +04:00)

“PAŞA Bank" 2022-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.

APA-Economics” xəbər verir ki, 2022-ci ildə Bankın faiz gəlirləri 312,340 min manat (2021-ci ilin eyni dövrünə nisbətən 19% çox), faiz xərcləri 51,341 min manat (2,8% az), xalis faiz gəlirləri isə 259,752 min manat (24% çox) təşkil edib.

Hesabat dövründə, “PAŞA Bank"ın qeyri-faiz gəlirləri 185,634 min manat (44,5% çox), qeyri-faiz xərcləri 232,578 min manat (32,5% çox), əməliyyat mənfəəti isə 212,808 min manat (31,6% çox) olub.

Bank mümkün zərərlər üzrə ehtiyat ayırmalarını 2,7 dəfə azaldaraq 14,159 min manata endirib, bu dövrdə mənfəət vergisi ödəməsi 49,255 min manat (50,4% çox) olub.

Nəticədə, bank 2022-ci ili 149,394 min manat xalis mənfəətlə başa vurub. Bu isə 2021-ci ilə nisbətən 65,6% çoxdur. Belə ki, “PAŞA Bank" 2021-ci ildə 90,180 min manat xalis mənfəət açıqlamışdı.

Bank böyüməkdə davam edib. Belə ki, bu ilin yanvar 1-nə bankın cəmi aktivləri 33% artaraq 8,519 milyon manata, o cümlədən müştərilərə verilmiş kreditləri isə 7% artaraq 2,728 milyon manata çatıb.

Bankın cəmi öhdəlikləri 34,6% artaraq 7,856 milyon manata, o cümlədən depozit portfeli 39,4% böyüyərək 7,004 milyon manata yüksəlib.
Bu dövrdə bankın cəmi kapitalı 14,7% artaraq 662,997 min manat, bölüşdürülməmiş mənfəəti isə 57,3% artaraq 288,986 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR