Samir Şərifov BVF-nin icraçı direktoru ilə görüşəcək

Samir Şərifov BVF-nin icraçı direktoru ilə görüşəcək
# 04 iyul 2022 15:40 (UTC +04:00)

İyulun 3-də İsveçrənin Bad Raqatz şəhərində Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankında (DB) Azərbaycanın da üzv olduğu Seçki Qrupunun toplantısı işinə başlayıb.

Maliyyə Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, üç gün davam edəcək və Seçki Qrupunun 30 illiyinə həsr olunan toplantıda Azərbaycanı BVF-nin və DB-nin Rəhbərlər Şurasında təmsil edən maliyyə naziri Samir Şərifov və Mərkəzi Bankın sədri Taleh Kazımov da toplantıda iştirak edir.

BVF və Dünya Bankına üzv ölkələrin yüksəkvəzifəli dövlət və hökumət rəsmiləri, beynəlxalq maliyyə institutları nümayəndələrinin və rəhbərlərinin, o cümlədən BVF-nin icraçı direktoru Kristalina Georgiyevanın, Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Anna Byerdenin də iştirak etdiyi toplantı çərçivəsində cari məsələlər, eləcə də Seçki Qrupuna üzv ölkələr arasında maraq kəsb edən mövzular ətrafında qlobal və regional perspektivlər nəzərə alınmaqla müzakirələr aparılır.

Seçki Qrupunun və Azərbaycanın BVF-yə qəbul olmasının 30 illiklərinin qeyd olunduğu toplantıda dünya iqtisadiyyatının cari vəziyyəti, yüksək inflyasiya meylləri, Rusiya-Ukrayna müharibəsinin qlobal enerji və ərzaq bazarlarında yaratdığı çağırışlar və bu çağırışlara qarşı aparılmalı mümkün fiskal və monetar siyasətlər əsas diqqət mərkəzində olan məsələlərdir.

Seçki qrupunun toplantısı çərçivəsində maliyyə naziri Samir Şərifovun bir sıra ikitərəfli görüşləri, o cümlədən BVF-nin icraçı direktoru Kristalina Georgiyeva ilə görüşü nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR