Samir Şərifov: "QDTİB-i Qarabağa investisiya qoymağa dəvət edirik"

Samir Şərifov: "QDTİB-i Qarabağa investisiya qoymağa dəvət edirik"
# 24 iyun 2022 11:10 (UTC +04:00)

Qara Dəniz Ticarət və İnkişaf Bankını (QDTİB) Qarabağa investisiya qoymağa dəvət edirik.

"APA-Economics" xəbər verir ki, bunu Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) “Dəyişən dünyada şaxələndirilmiş və innovativ Azərbaycan iqtisadiyyatının dəstəklənməsində rolu” adlı konfransında maliyyə naziri Samir Şərifov deyib.

O bildirib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionun bərpa və yenidənqurma işlərinə ötən il və cari ildə 3 milyard dollardan artıq vəsait ayrılıb. 2021-ci ildə bu vəsaitin artıq 1,3 milyard manatı həmin məqsədlər üçün istifadə edilib.

Nazir vurğulayıb ki, bununla yanaşı, Qarabağın yenidənqurma prosesində beynəlxalq maliyyə təşkilatlarının, o cümlədən QDTİB-nin iştirakı zəruridir:"Bankın kapital-maliyyə resurslarının digər beynəlxalq maliyyə təşkilatlarına nisbətən aşağı olması və özəl sektorun maliyyələşdirilməsində ixtisaslaşmasını nəzərə alaraq Qarabağ və Şərqi Zəngəzurda yerli və xarici sahibkarları biznes layihələrinə kredit dəstəyi göstərməyə dəvət edirik. Müvafiq hazırlıq işlərinə indidən başlamağı məqsədəuyğun hesab edirik".

O əlavə edib ki, yeni nəqliyyat-kommunikasiya xətlərinin qurulması, Qarabağın ölkə iqtisadiyyatına inteqrasiyası təkcə Azərbaycana deyil, bütün region ölkələrinə böyük fayda gətirəcək, regional inkişafa böyük təkan verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR