S&P Azərbaycanın reytinqlərini təsdiqləyib

S&P Azərbaycanın reytinqlərini təsdiqləyib
# 22 yanvar 2022 08:24 (UTC +04:00)

"S&P Global Ratings" (S&P) beynəlxalq reytinq agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərini "BB+/B" səviyyəsində, uzunmüddətli reytinqlər üzrə proqnozu isə "Stabil" səviyyədə təsdiqləyib.

"APA-Economics"in agentliyə istinadən verdiyi məlumata görə, proqnozun sözügedən səviyyədə təsdiq olunması Qarabağ müharibəsinin bitməsi ilə üçtərəfli atəşkəs razılaşmasının imzalanması, həmçinin əlverişli karbohidrogen qiymətləri və artan qaz ixracının Azərbaycanın bu il fiskal və tədiyə balansını dəstəkləyəcəyi ilə əsaslandırılır.

S&P "BB" səviyyəsində qiymətləndirdiyi ölkələr arasında fiskal və xarici mövqe üzrə Azərbaycanı ən güclü ölkələr sırasına aid edir. Bu, əsasən Dövlət Neft Fondunun (ARDNF) topladığı əhəmiyyətli likvid aktivlər hesabına baş verib.

"Biz proqnozlaşdırırıq ki, 2025-ci ilə qədər likvid aktivlərin ÜDM-ə nisbəti 70%-ə yaxın qalacaq və məcmu dövlət borcu ÜDM-in 30%-i səviyyəsinin aşağısında ollacaq. Hazırda əlverişli neft qiymətləri də Azərbaycanın fiskal və tədiyə balansını dəstəkləyir", - kredit reytinqi agentliyi bildirir.

S&P Azərbaycan üzrə reytinqlərin yüksəlməsini məhdudlaşdıran əsas amillər sırasında zəif institusional səmərəliliyi, ölkənin dar və cəmləşmiş iqtisadi bazasını və monetar siyasətin məhdud çevikliyini qeyd edib.

Agentlik vurğulayır ki, Azərbaycan iqtisadiyyatı əhəmiyyətli dərəcədə karbohidrogen sektorundan asılıdır və ölkə hazırda əlverişli qlobal neft qiymətlərindən bəhrələnir. Buna əsasən, hazırkı mühit Azərbaycanın iqtisadi, fiskal və tədiyə balansı göstəricilərinə fayda verəcək, lakin uzunmüddətli perspektiv daha az əlverişli görünür: "Mövcud neft yataqları köhnəlir və hasilat davamlı olaraq azalır. Məsələn, 2010-2021-ci illər arasında neft hasilatı 30%-ə yaxın azalaraq sutkada 1 mln. bareldən təxmin edilən 0,74 mln. barelə enib"

"Azərbaycan son bir neçə ay ərzində "OPEC+" kvotalarından təqribən 10% az neft hasil edir ki, bu da hasilatda müəyyən məhdudiyyətləri, eləcə də AÇG-nin əsas neft yatağında aparılan təmir işlərini əks etdirir. Buna baxmayaraq, "OPEC+"ın neft hasilatının azaldılması üzrə kvotaları artırdığına görə biz Azərbaycanda neft hasilatının 2022-ci ildə gündəlik 770 min barel səviyyəsinədək yüksələcəyini proqnozlaşdırırıq.

Ortamüddətli perspektivdə neft hasilatının 2025-ci ilə qədər sutkada 750 min barelə qədər azalacağını güman edirik. Hasilatın eyni səviyyədə saxlanılması və ya artırılması əlavə investisiyalar tələb edəcək. Mövcud neft yataqlarında bunun baş verib-verməyəcəyi bəlli deyil", - agentliyin mütəxəssisləri bildirir.

Qaz ixracı üzrə müsbət proqnoz verən agentlik hesab edir ki, qaz hasilatının son artımına baxmayaraq, ortamüddətli perspektivdə qaz ixracı Azərbaycanın ümumi karbohidrogen ixracının təxminən 20%-ni təşkil edəcək.

Bundan əlavə, S&P-yə görə, Avropada qazın spot qiymətləri rekord həddə çatsa da, Azərbaycan bundan yalnız qismən faydalanacaq, çünki ölkənin müqavilələrinin əksəriyyəti uzunmüddətlidir və qiymətlər neftə bağlıdır.

"Ümumilikdə, biz ÜDM-in 2021-ci ildə 5,6%-lik artımından sonra, 2022-ci ildə onun 2,7% səviyyəsində artacağını proqnozlaşdırırıq, bu da əsasən qaz hasilatının artımını, "OPEC+" kəsirlərinin tədricən dayandırılmasını və 2021-ci ildə 7,2% artan qeyri-neft sektorunun bərpasını əks etdirir. Bundan əlavə, biz iqtisadi artımın 2023-2025-ci illərdə orta hesabla 1%-dən bir qədər çox olacağını gözləyirik, çünki artan qaz istehsalı neft sektorunun tənəzzülünü qismən kompensasiya edəcək", - agentliyin analitikləri bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR