Sürücülük vəsiqəsinin verilməsinə görə yeni rüsumlar müəyyənləşib

Sürücülük vəsiqəsinin verilməsinə görə yeni rüsumlar müəyyənləşib
# 29 dekabr 2021 16:18 (UTC +04:00)

Gələn il yanvarın 1-dən sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna görə rüsumlar dəyişir.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün tətbiqi barədə fərman imzaladığı “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının milli və beynəlxalq sürücülük vəsiqəsi üçün rüsumlar 20 manatdan 40 manata qaldırılıb. Avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının milli və beynəlxalq sürücülük vəsiqəsinin alınması üçün imtahanların təkrar qəbuluna görə rüsum 10 manat artırılaraq 20 manat məbləğində müəyyənləşib.

Digər sürücülük vəsiqəsi, o cümlədən traktorçu maşinist vəsiqəsi üçün rüsum artırılaraq 10 manat məbləğində müəyyənləşir. Əvvəl bu rəqəm 5 manat idi.

Dəyişikliyə əsasən, sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsinə görə olan rüsumlar da artırılıb. Avto-moto nəqliyyat vasitələri üçün rüsumlar 25 manatdan 30 manata, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, onların qoşqu və yarımqoşquları üçün rüsum 5 manatdan 10 manata qaldırılıb.

Qanuna əlavə edilən yeni maddəyə əsasən, artıq beynəlxalq sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsi də mümkün olacaq. Bunun üçün 12 manat rüsum müəyyənləşib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR