TMB 2022-ci il üçün monetar siyasətini açıqlayıb

TMB 2022-ci il üçün monetar siyasətini açıqlayıb
# 29 dekabr 2021 13:11 (UTC +04:00)

Türkiyə Mərkəzi Bankı (TMB) lirənin üzən məzənnə rejimində, ortamüddətli inflyasiya hədəfini isə 5% səviyyəsində saxlayacağını açıqlayıb.

"APA-Economics"in məlumatına görə, bu barədə TMB-nin 2022-ci il üçün pul-kredit və məzənnə siyasətinə dair açıqlamasında deyilir.

Məlumata görə, əsas məqsəd qiymət sabitliyinə nail olmaqdır və gələn ilki monetar siyasət inflyasiyanın tədricən hədəf diapazonuna qaytarılması istiqamətində formalaşacaq.

TMB qeyd edib ki, sözügedən məqsədlərə çatmaq üçün əsas alət kimi həftəlik repo dərəcəsi (uçot dərəcəsi) istifadə olunacaq və lirənin məzənnəsi bazarda tələb və təklif ilə müəyyən olunacaq.

Xatırladaq ki, dekabrın əvvəlində lirənin dollara qarşı məzənnəsi iki dəfədən çox azalıb və 1 dollar/18 lirə səviyyəsinə qədər enib. Lakin dekabrın 21-i Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın zəifləmiş milli valyutanın əhalinin üzərindəki yükünü yüngülləşdirəcək və dollarlaşmanı azaldacaq bir sıra addımları atılacağı açıqlamasından sonra Türkiyə lirəsi ABŞ dollarına qarşı 20% möhkəmlənib.

Sözügedən möhkəmlənmədən sonra TMB açıqlayıb ki, bank lirənin məzənnəsi yüksəldilməsinə yönəlmiş səyləri çərçivəsində bazara son iki birbaşa müdaxiləsi zamanı 1,35 mlrd. dollar çıxarıb. Hazırda TMB-nin valyuta məzənnələrinə görə, 1 dollar 11,8515 lirəyə ticarət olunur. Uçot dərəcəsi isə 14%-ə bərabərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR