Türkiyə ilə BƏƏ arasında valyuta svopu imzalanıb

Türkiyə ilə BƏƏ arasında valyuta svopu imzalanıb
# 19 yanvar 2022 11:48 (UTC +04:00)

Bu yaxınlarda Türkiyə və BƏƏ arasında müvafiq olaraq 18 mlrd. dirhəm və 64 mlrd. lirə məbləğində valyuta svopu müqaviləsi imzalanıb.

"APA-Economics"in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, iki ölkə arasında maliyyə əməkdaşlığının gücləndirilməsi üçün imzalanan saziş 3 il qüvvədə olacaq. Qarşılıqlı razılıq olarsa, müqavilənin müddəti uzadıla bilər.

BƏƏ Mərkəzi Bankının sədri Xalid Məhəmməd bildirib ki, bu müqavilə hər iki ölkənin maliyyə məsələlərində, xüsusilə iki ölkə arasında ticarət və investisiyalar sahəsində ikitərəfli əməkdaşlığı artırmaq iradəsinin göstəricisidir.

Türkiyə Mərkəzi Bankının (TMB) sədri Şahap Kavcıoğlu isə qeyd edib ki, bu müqavilə iki ölkənin mərkəzi banklarının Türkiyə və BƏƏ arasında iqtisadi və maliyyə əlaqələrini inkişaf etdirmək üçün yerli valyutalarda ikitərəfli ticarəti dərinləşdirmək əzmini nümayiş etdirir.

Qeyd edək ki, TMB Azərbaycan Mərkəzi Bankı ilə bir müddətdir apardığı valyuta svopu razılaşmasında son mərhələyə çatıb.

Valyuta svopu bir valyutanın digərinə nəzərən müxtəlif periodlar üzrə (adətən nağd və forvard) eyni vaxtda alınması və satılmasıdır. Bu növ svopda iki tərəf arasında müəyyən gün üçün valyuta mübadiləsi üzrə məzənnə və gələcəkdə bir gün üçün əks mübadilə üzrə məzənnə razılaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR