Ukraynanın fintex şirkəti: “Müharibə başqa bazarlara daxil olmağı zəruri edib”

Ukraynanın fintex şirkəti: “Müharibə başqa bazarlara daxil olmağı zəruri edib”
# 17 iyun 2022 10:05 (UTC +04:00)

Ukraynanın fintex şirkəti “Moneyveo” Azərbaycan bankları ilə əməkdaşlığa başlamaq istəyir.

Bunu “APA-Economics”ə açıqlamasında “Moneyveo” İdarə heyətinin sədri Alyona Andronikova deyib. O bildirib ki, hazırda müharibə fintex şirkətinin işinə mənfi təsir edib: “Ukraynada fəaliyyətimizi tamamilə dayandırmışıq. Bilirsiniz ki, müharibə olan yerdə biznesin davam etməsi mümkünsüzdür. Biz də işimizi dayandırmaq məcburiyyətində qaldıq. Hazırda isə müxtəlif bazarlara daxil olmaq üçün sammit və sərgilərə qatılırıq”.

Alyona Andronikova Ukraynada baş verən müharibə onların xarici bazarlarda fəal iştirak etməsini zəruri edib: "Şirkətlər çalışırlar ki, bizneslərini digər ölkələrdə, o cümlədən Azərbaycanda inkişaf etdirsinlər. Bunu nəzərə alaraq, hazırda Azərbaycan maliyyə təşkilatları ilə əməkdaşlığı nəzərdən keçiririk. “PAŞA Bank”la da əməkdaşlıq etmək niyyətindəyik. Əməkdaşlıqla bağlı müsbət irəliləyişin olacağını gözləyirik".

Şirkət rəhbəri qeyd edib ki, Fintex Sammiti çərçivəsində digər Azərbaycan şirkətləri ilə görüşlər keçirilib: "Ola bilər ki, Azərbaycan şirkətlərinə müxtəlif texnoloji xidmətlər, o cümlədən B2B ilə bağlı xidmətlər və bununla bağlı nümunələr təqdim edə bilərik".

Alyona Andronikovanın sözlərinə görə, bununla belə, qanunvericiliklə bağlı müəyyən baryerlər Azərbaycan bazarına daxil olmağa mane olur. Bunlardan biri identifikasiyanı dərhal müəyyən edən elektron imza ilə bağlıdır. "Bilirsiniz ki, onlayn xidmətlər çox tez, operativ şəkildə işləməlidir ki, bu maliyyə xidmətləri vətəndaşlar üçün dərhal əlçatan olsun".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR