Vergi Məcəlləsində dəyişikliklər Alman-Azərbaycan Xarici Ticarət Palatasında müzakirə edilib

Vergi Məcəlləsində dəyişikliklər Alman-Azərbaycan Xarici Ticarət Palatasında müzakirə edilib
# 05 oktyabr 2022 10:46 (UTC +04:00)

Vergi Məcəlləsində dəyişikliklər Alman-Azərbaycan Xarici Ticarət Palatasında müzakirə edilib.

Bu barədə "APA-Economics"ə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib. Məlumata görə, oktyabrın 4-də Dövlət Vergi Xidmətinin nümayəndələri Alman-Azərbaycan Xarici Ticarət Palatasının (“AHK Azərbaycan”) təşkil etdiyi “Vergi, gömrük və hüquq məsələləri üzrə İşçi qrup”un iclasına qatılıblar.

DVX-nin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov 2023-cü il üçün nəzərdə tutulan əsas dəyişikliklərin istiqamətləri barədə tədbir iştirakçılarını məlumatlandırıb. Bildirilib ki, qanunvericiliyə gözlənilən dəyişikliklər ölkənin iqtisadi gündəliyi, müxtəlif dövlət proqramları və dövlət başçısının müvafiq fərman və sərəncamlarından irəli gələn məsələlərin həlli, habelə sahibkarlarla keçirilən görüşlərdə səsləndirilmiş təklif və rəylər əsasında hazırlanıb.

Görüşdə qanunvericiliyə nəzərdə tutulan dəyişikliklərin əsas konturları, iqtisadi əsasları və gözlənilən nəticələri şərh edilib, bu dəyişikliklərin ölkənin investisiya mühitinin cəlbediciliyinin artırılmasına, işğaldan azad olunmuş ərazilərimizdə işgüzar fəaliyyətin stimullaşdırılmasına, ölkədə idxalı əvəzləyəcək istehsal sahələrinin yaranmasına və inkişafına xidmət edəcəyi vurğulanıb.

Tədbir iştirakçılarının gözlənilən dəyişikliklər, habelə vergilərin ödənilməsi və hesabatlılıq sahəsində qarşılaşdıqları praktiki məsələlərlə bağlı ünvanladıqları suallar cavablandırılıb. Görüşdə səsləndirilmiş bir sıra təkliflər gələcəkdə baxılması üçün qeydə alınıb.

Qeyd edək ki, “AHK Azərbaycan” 2012-ci ildən etibarən alman iqtisadiyyatının Azərbaycanda rəsmi nümayəndəliyi olaraq, şirkətlərə bazar və biznes araşdırmaları ilə bağlı məlumat və dəstək verir və 160 üzv şirkəti ilə Avropanın Azərbaycandakı ən böyük iqtisadi assosiasiyalarından biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR