Vüsal Qasımlı: "2025-ci ildə qeyri-neft ixracının adambaşına həcminin 450 dollara çatması mümkündür"

Vüsal Qasımlı

© APA | Vüsal Qasımlı

# 20 dekabr 2021 12:34 (UTC +04:00)

2022-2026-cı illər üzrə Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası və tədbirlər planı hökumət tərəfindən hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.

"APA-Economics" xəbər verir ki, bunu "Azərbaycan Respublikasında milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri"nin 2017-2021-ci illər üzrə monitorinq və qiymətləndirmə hesabatına dair mətbuat konfransında çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, yeni strateji sənədin və tədbirlər planının təsdiqi ilə milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin icra müddəti 2022-ci il 1 yanvar tarixindən bitmiş hesab olunur.

"Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin hazırlanmasına, icrasına, monitorinq və qiymətləndirməsinin aparılmasına dövlət büdcəsindən heç bir əlavə maliyyə vəsaiti ayrılmayıb və dövlət qurumları bütün tədbirləri onlara ayrılan büdcə çərçivəsində həyata keçiriblər", - deyə V. Qasımlı qeyd edib.

O həmçinin əlavə edib ki, strateji yol xəritələrinin icrası nəticəsində 2025-ci ilə qədər ÜDM-də 3%-dən çox ortaillik real artımı təmin etmək məqsədinin əsası qoyulub. Belə ki, bu il ölkədə ÜDM-in real artımı 5,1%, o cümlədən qeyri-neft ÜDM-in artımı 6%, gələn il isə iqtisadi artımı 3,9% təşkil edəcəyi proqnozlaşdırılır.

"Həmçinin qeyri-neft sektoru üzrə ixracın 2015-ci ildəki adambaşına 170 ABŞ dollarından bu il 260 dollarına çatması onu deməyə əsas verir ki, 2025-ci ildə 450 dollar hədəfinə nail olunması mümkündür", - deyə V. Qasımlı qeyd edib.

Xatırladaq ki, işğaldan azal olan ərazilərin maliyyələşməsi istisna olmaqla, strategiyanın reallaşması üçün tələb olunan vəsaitin ümumi həcmi 20 mlrd. manata yaxındır və bunun da 10,8 mlrd. manatı dövlət büdcəsinin üzərinə düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR