Vüsal Qasımlı: "Qarabağda həyatın canlanması artıq iqtisadiyyata müsbət təsirlərini göstərir" - MÜSAHİBƏ

Vüsal Qasımlı: "Qarabağda həyatın canlanması artıq iqtisadiyyata müsbət təsirlərini göstərir"  - MÜSAHİBƏ
# 23 may 2022 10:39 (UTC +04:00)

Qlobal geosiyasi və geoiqtisadi proseslər, qlobal ərzaq qiymətlərinin artımı, eyni zamanda strateji ərzaq məhsullarının idxalına məhdudiyyətlərin tətbiqilə bağlı təsirlər Azərbaycandan da yan keçirmir. "APA-Economics" hazırki iqtisadi gündəmi və Azərbaycanda biznesi narahat edən məsələləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı ilə müzakirə edib:

- Vüsal müəllim, son dövrlər şirkətlər və onların daxil olduğu birliklər kredit faizlərinin yüksək olması ilə bağlı narazılıqlarını ifadə edir. Yəni, istehlak kreditləri ilə yanaşı, biznes kreditləri üzrə faizlər də çox yüksəkdir. Sizcə, kredit faizlərinin tənzimlənməsi üçün hansı addımlar atılmalıdır?

- Pul da bir əmtəədir. Pula olan tələb və təklif bazarda onun qiymətini formalaşdırır. Buna biz faiz deyirik. Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da pulun qiyməti tələb və təklif əsasında formalaşır. Çalışmalıyıq elə qiymət formalaşsın ki, sahibkarlığın inkişafına şərait yaratsın. Yəni, sahibkarlığın gəlirlilik səviyyəsinə, rentabellilik səviyyəsinə uyğun olsun. Faizlər sahibkarın gəlirlilik səviyyəsindən aşağı olmalıdır ki, həmin krediti götürüb biznesini daha da genişləndirə bilsin. Eyni zamanda, istehlak kreditləri üzrə faizlər də əhalinin gəlirlərinə uyğun olmalıdır. Mərkəzi Bankın və hökumətin də çalışdığı budur. Amma bütün hallarda burda məsələni bazar diqtə edir. Düşünürəm ki, Azərbaycanda maliyyə-bank sektorunda aparılan islahatlarda sədd aşılıb. Bütün hallarda kreditlərin əlçatanlığının artırılması, kredit faizlərinin iqtisadiyyatın gəlirlilik səviyyəsinə uzlaşdırılması, əhalinin gəlirlərinə uyğunlaşdırılması istiqamətində nəticələrə gətirib çıxaracaq. Bu, ümumi prosesdir və dayanmır. Bütün ölkələrdə faizlər xüsusi müzakirə mövzusudur. Nəzərə alın ki, indi həm Azərbaycanda, həm də dünyada infilyasiya sürətlənir. İnfilyasiyanın sürətlənməsi artıq kredit faizlərinə öz təsirini göstərir. Yəni, real kredit faizlərini aşağı çəkir. Baxmayaraq ki, nominal kredit faizləri yüksəkdir, infilyasiyanı nəzərə alanda real kredit faizləri aşağıdır. Bu da xüsusi nəzərə alınası bir məsələdir. Bizim əsas işimiz bundan ibarətdir ki, manatın məzənnəsi sabitliyini qorusun, infilyasiya cilovlansın. Bu fonda artıq bazarda kredit faizləri hansı şəkildə formalaşacaqsa, tələb və təkliflə bağlı olacaq və müdaxilə etmək mümkün deyil. Bu elə bir məsələdir ki, inzibati yolla tənzimləmək həmişə neqativ hallara, fəsadlara yol açır.

- Xarici maliyyə təşkilatları artıq 2022 və 2023-cü illər üzrə Azərbaycanda iqtisadi artım proqnozlarını açıqlayıb. Sizin iqtisadi artımla bağlı gözləntiləriniz necədir?

- Bu ilin ilk dörd ayında Azərbaycanda iqtisadi artım 7,2%-ə çatıb. Bu orta dünya göstəricisini əhəmiyyətli şəkildə üstələyir. Çünki Dünya Bankının proqnozlarına görə, bu il orta qlobal artım göstəricisi 4%-dən bir qədər yüksək olacaq. İnkişaf etmiş ölkələrdə bu 3,8%, inkişaf etməkdə olan ölkələrdə isə 4,5% civarındadır. Azərbaycanda iqtisadi artımın əsas drayveri qeyri-neft sektorudur. Kənd təsərrüfatında bitkiçilik üzrə, nəqliyyat sektorunda isə sərnişindaşımada və informasiya və rabitə xidmətlərində sürətli artım var. İşğaldan azad olunmuş ərazilərdə həyatın canlanması artıq iqtisadiyyata müsbət təsirlərini göstərir. Biz bunun da təsirini hiss edirik. Azərbaycan hazırda iqtisadi artım tempinə görə regional liderdir. Yəni, Azərbaycan və Türkiyə regionda yerləşən ölkələr arasında ən sürətlə inkişaf edən ölkələrdir. Düşünürəm ki, iqtisadiyyatın artım tempi uzun müddət davam edəcək.

- Bunu nə ilə izah edirsiniz?

- Ölkədə makro-iqtisadi sabitlik var. Biznesə dəstək verilir, islahatlar dərinləşdirilir, institusional islahatlar aparılır, dövlət müəssisələrində islahatlar aparılır və bütün bu addımların hamısının müsbət təsirlər olacaq.

- Qlobal ərzaq qiymətləri getdikcə artır. Bu fonda bütün ölkələr ərzaq təhlükəsizliyinə xüsusi diqqət göstərir və ixraca məhdudiyyətlər tətbiq edir. İşğaldan azad olunmuş ərazilərdə əkin Azərbaycanın buğda və digər bitkiçilik məhsullarında idxaldan aslılığı azalda bilər?

- Ərzaq təhlükəsizliyi hər bir ölkənin iqtisadi təhlükəsizliyinin əsas komponentidir və ölkə ilk növbədə özünün xüsusən də kənd təsərrüfatı və ərzaq sənayesində olan rəqabət üstünlüyünü əsas götürür. Rəqabət üstünlüyü olmayan sahələrdə ərzaq təhlükəsizliyini təmin etmək üçün idxal həyata keçirməlisən. Bu, bütün dünyada qəbul edilmiş ümumi yanaşmadır. Burada medalın iki üzü var. Biri ölkə iqtisadiyyatının rəqabət qabiliyyətidir, digər isə iqtisadi təhlükəsizlikdir. Hər bir hökumət çalışır ki, bu iki faktor arasında qızıl ortanı tapsın. Son 15-20 ilə baxsaq, Azərbaycanın bütün məhsullar üzrə, yəni həm meyvə-tərəvəz, ət-süd, həm də taxıl və digər məhsullar üzrə özünü təminetmə səviyyəsi əhəmiyyətli şəkildə yaxşılaşıb və bu, bir prosesdir. Mümkün qədər ölkə özünün təminetmə səviyyəsini yaxşılaşdırır. İndiki halda da, yəni Rusiya-Ukrayna müharibəsindən sonra taxıl məhsullarında və bitki yağlarında dünyada çətinlik hiss olunur. Qiymətlər sürətlə artır. Ona görə də Azərbaycanın gördüyü əsas iş ondan ibarətdir ki, işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı inkişaf etsin. Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının 155 min hektar əkinə yararlı ərazisində həm əkinçilik, həm də heyvandarlığın inkişafı istiqamətində işlər həyata keçirilir. İkinci istiqamət ondan ibarətdir ki, biz mümkün qədər intensiv bağçılığa keçməklə, daha məhsuldar sortlardan istifadə etməklə, heyvandarlıq cinslərindən istifadə etməklə məhsuldarlığı artırmalıyıq. Üçüncü, subsidiyalar və dövlətin digər dəstək tədbirləridir ki, bunlar geniş şəkildə həyata keçirilir. Eyni zamanda Nazirlər Kabineti bilirsiniz ki, idxal-ixrac əməliyyatlarını tənzimləyir. Bizim özümüzə lazım olan məhsulların ixracı ilə bağlı artıq İqtisadiyyat Nazirliyi və Nazirlər Kabinetinin müvafiq razılığı olmalıdır. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda ərzaq böhranı gözlənilmir. Ərzaq təhlükəsizliyi yüksək səviyyədə təmin olunur. Sadəcə olaraq bu, bütün dünyada problemdir və biz bu çağırışlara cavab vermişik. Hər hansı problemlə üzləşəcəyimizi düşünmürəm.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR