Vüsal Qasımlı: "Vergi üzrə proqnozdan əlavə yığılan vəsait əhalinin sosial rifahına yönəldiləcək"

Vüsal Qasımlı

© APA | Vüsal Qasımlı

# 18 yanvar 2022 15:09 (UTC +04:00)

2021-ci ildə Azərbaycanın vergi orqanlarının keçən il proqnozdan əlavə yığdığı təqribən 1,4 mlrd. manat vəsait əhalinin sosial rifahına yönəldiləcək.

"APA-Economics" xəbər verir ki bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı "2021-ci ilin sosial-iqtisadi nəticələri: inkişaf perspektivləri" mövzusunda elmi seminarda çıxış edərkən deyib.

Onun sözlərinə görə, ölkədə vergi-gömrük inzibatçılığının təkmilləşdirilməsi, könüllü riayətetməyə keçid, "kölgə iqtisadiyyatı" ilə mübarizə, leqallaşma, şəffaflıq və hesabatlılıq sahəsində görülən işlər nəticəsini verir.

"2019-cu ildə sosial islahat paketinə əlavə 3 mlrd. manat, 2020-ci ildə 600 mln. manat vəsait ayrılıb. 2022-ci ildə 2,1 mln. vətəndaşın əməkhaqqı və sosial ödənişlərinə dövlət büdcəsindən əlavə 1,5 mlrd. manat vəsait ayrılacaq", - deyə V. Qasımlı qeyd edib.

Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda post-müharibə quruculuğu sürətlə gedir və 2021-ci ildə dövlət büdcəsindən işğaldan azad olunan ərazilərin dirçəlməsinə 2,2 mlrd. manat ayrılmışdı.

"Həmçinin, yeni yaradılan sənaye zonaları, kənd təsərrüfatı, xidmət və sənaye sahələrinə özəl sahibkarlar cəlb edilib. Bu ərazilərdə iş qurmaq istəyən sahibkarlardan 900-dən çox biznes-plan daxil olub", - deyə V. Qasımlı qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR