Xarici valyutada və qızılda olan aktivlərin və passivlərin yenidən qiymətləndirilməsi qaydası dəyişir

Xarici valyutada və qızılda olan aktivlərin və passivlərin yenidən qiymətləndirilməsi qaydası dəyişir
# 09 iyun 2023 13:18 (UTC +04:00)

Xarici valyutada və qızılda olan aktivlərin və passivlərin yenidən qiymətləndirilməsi qaydası dəyişir.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, manatın məzənnəsinin və qızılın dəyərinin dəyişməsi ilə əlaqədar hesabat ili ərzində Mərkəzi Bankın balansında xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində yaranan fərq Mərkəzi Bankın kapital ehtiyatlarında əks olunur. Xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində ilin sonuna yaranan zərərin ödənilməsi Mərkəzi Bankın kapital ehtiyatları hesabına təmin olunur.

Layihəyə əsasən isə manatın məzənnəsinin və qızılın dəyərinin dəyişməsi ilə əlaqədar hesabat ili ərzində Mərkəzi Bankın balansında xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində yaranan gəlir (reallaşdırılmamış gəlir) yenidən qiymətləndirmə üzrə ehtiyatlara aid ediləcək və Mərkəzi Bankın kapital ehtiyatları və mənfəətinin sərbəst qalığının hesablanmasında nəzərə alınmayacaq. Xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində ilin sonuna yaranan zərər əvvəlki dövrlərdə yenidən qiymətləndirmə üzrə ehtiyatlar hesabına ödəniləcək, bu ehtiyatlar kifayət etmədikdə isə Mərkəzi Bankın kapital ehtiyatları hesabına təmin olunacaq.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR