ABA-nın Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilib

ABA-nın Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilib
  • Clock-gray 17:43
  • calendar-gray 27 Aprel 2020

Bu gün Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin geniş tərkibdə növbəti iclası keçirilib. İclasın gündəliyində duran əsas məsələ 23.04.2020-ci il tarixdə Azәrbaycan Mәrkәzi Bankının (AMB) İdarә Heyәti tərəfindən qəbul edilmiş koronavirus pandemiyası şəraitində əhalinin və biznesin dəstəklənməsi istiqamətində əlavə tədbirlər barədə 16 saylı qәrarın tətbiqi mexanizminin müzakirəsi olub.

ABA-dan “APA-Economics”ə verilən məlumata görə, bu qərar Nazirlər Kabinetinin müvafiq sərəncamında nəzərdə tutulan tədbirlərlə sinxronlaşdırılmaqla bərabər, eyni zamanda daha geniş istiqamətləri, o cümlədən fiziki şəxslərə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına verilmiş ipoteka kreditlərinin, bankların və dövlət fondlarının vəsaitləri hesabına verilmiş biznes təyinatlı kreditlərin restrukturizasiyasını, eləcə də sığorta və kapital bazarı iştirakçılarının dəstəklənməsini əhatə edən məsələləri də nəzərdə tutur.

ABA üzvləri koronavirus (COVID-19) pandemiyasının yaratdığı neqativ tendensiyaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı ölkə rəhbərliyinin uzaqgörən və düşünülmüş siyasətinə əsaslanaraq genişmiqyaslı işlərə başlandığını, Azərbaycan Respublikası Mərkəzi Bankı, İqtisadiyyat Nazirliyi və digər əlaqədar qurumların iştirakı ilə müvafiq işçi qrupları yaradılmasını və ABA-nın da bu qruplarda təmsil olunduğunu xüsusi ilə vurğulayıblar.

ABA üzvləri bu kompleks və sistemli tədbirlərin davamı olaraq Mərkəzi Bank tərəfindən əhalinin və biznesin dəstəklənməsi istiqamətində əlavə tədbirlər planını rəhbər tutaraq, mövcud vəziyyəti təhlil etməklə sənəddə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə bağlı bəzi praktik məqamları müzakirə etmiş və meydana çıxan sualları cavablandırıblar.

İclasın sonunda yaranmış vəziyyətə uyğun olaraq əhaliyə göstərilən bank-maliyyə xidmətlərinin bütün karantin dövründə olduğu kimi, bundan sonra da fasiləsizliyinin təmin olunması, iqtisadiyyatın kreditləşməsi, bank-maliyyə xidmətlərinin istehlakçılarının hüquqlarının qorunması kimi tədbirlərin davam etdirilməsinin vacibliyi bir daha qeyd edilib.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

APA-Economics

Digər xəbərlər