AMB: Depozit və not hərracları nəticəsində vəsaitin qalığı ötən il 950 mln. manat olub

AMB: Depozit və not hərracları nəticəsində vəsaitin qalığı ötən il 950 mln. manat olub
# 18 fevral 2021 18:07 (UTC +04:00)

2020-ci il ərzində Azərbaycan iqtisadiyyatında likvidliyin effektiv idarə olunması məqsədilə Azərbaycan Mərkəzi Bankı (AMB) müxtəlif müddətli bazar əməliyyatlarını davam etdirib.

"APA-Economics"in AMB-nin "Pul siyasəti icmalı"na istinadən verdiyi məlumata görə, sterilizasiya əməliyyatları çərçivəsində AMB milli valyutada sərbəst vəsaitlərin cəlb olunması üzrə 62 depozit hərracı keçirib və 2020-ci ilin sonuna depozit əməliyyatları ilə cəlb edilmiş vəsaitlərin qalığı 300 mln. manat təşkil edib.

Bundan əlavə, AMB ötən il 46 not hərracı keçirib. İlin sonuna notlar vasitəsilə sterilizasiya olunmuş vəsaitin toplam qalığı 650 mln. manat təşkil edib. Beləliklə, ümumilikdə, depozit və not hərracları nəticəsində 2020-ci ildə sterilizasiya olunmuş vəsaitin toplam qalığı 950 mln. manata bərabər olub.

İcmala görə, koronavirus pandemiyasının makroiqtisadi sabitlik və valyuta bazarı üzərində yaratmış olduğu təhdidlərin yumşaldılması məqsədilə AMB mart ayından başlayaraq sterilizasiya alətlərinin müddətlərinə dəyişiklik edərək, bununla da sterilizasiya portfelinin durasiyası azaldıb. Belə ki, 28 günlük depozit hərracları əvəzinə yalnız 14 günlük depozit hərraclarının keçirilməsinə, uzunmüddətli not hərraclarının əvəzinə yalnız 28 günlük notların yerləşdirilməsinə başlanılmışdı.

Qeyd edək ki, mərkəzi banklar tərəfindən artmış pul kütləsinin inflyasya potensiala malik izafi hissəsinin dövriyyədən çıxarılmasına yönəldilmiş əməliyyatlara pul kütləsinin sterilizasiyası deyilir. Depozit hərraclarının əsas məqsədi pul kütləsini sterilizasiya etməkdir. Azərbaycanda 2020-ci ilin yekunlarına əsasən, geniş pul kütləsi 29 185,8 mln. manat təşkil edərək, rekord səviyyəyə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR