AMB sədri: "Qiymətli metalların sığortalanması diqqətimizdə olacaq"

AMB sədri: "Qiymətli metalların sığortalanması diqqətimizdə olacaq"
# 09 dekabr 2020 11:41 (UTC +04:00)

Əmanətlərin tam sığortalanması sistemindən dərhal çıxmaq olmaz. Həm əhalinin, həm də bank sektorunun buna hazırlıqlı olmadan çıxmaq sərt enişə səbəb olardı.

APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

O bildirib ki, qanunun qüvvəyə minməsinin bir qədər gec olması əhalinin buna tam hazırlıqlı olması üçündür: "Dünyada başlıca trendlərdən biri fiziki şəxslərin əmanətlərinin sığortalanmasından ibarətdir. Böyük 20-liyə daxil olan ölkələrdə kiçik və orta sahibkarlıqla məşğul olan insanların banklarda olan əmanətlərinin 90-95%-i sığortalanıb. Biz də bu istiqamətdə addımlar atacağıq. Bu istiqamətdə ciddi işlər gedir. Bankların bağlanması prosesində çalışdıq ki, kiçik, ancaq sağlam müəssisələr öz vəsaitini ala bilsin. Bu, onlara kölgə iqtisadiyyatından çıxmaq üçün çox yaxşı stimul olardı. Gələcəkdə əsas hədəflərimizdən biri kapital bazarlarında kiçik investorların iştirakını və könüllü sığorta polislərinin də sığortalanması sistemini yaratmaqdır. Bəzi ölkələrdə qiymətli metallar da sığortalanır. Bu da bizim diqqətimizdə olacaq".

Qeyd edək ki, “Əmanətlərin sığortalanması haqqında” və “Əmanətlərin tam sığortalanması haqqında” qanunlara təklif edilən dəyişikliklər Milli Məclisin dekabrın 11-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib. Azərbaycanda 2016-cı ilin martın 4-də qüvvəyə minmiş və müddəti iki dəfə uzadılmış "Əmanətlərin tam sığortalanması haqqında" qanun bu ilin dekabrın 4-də qüvvəsini itirib və layihəyə əsasən qanunun müddətinin gələn il aprelin 5-dək uzadılması təklif olunur. “Əmanətlərin sığortalanması haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən isə "Əmanətlərin tam sığortalanması" Qanununun müddəti bitəndən sonra əmanətlərin sığortalanması üzrə kompensasiya məbləği üç dəfədən çox artırılması təklif olunur. Başqa sözlə, gələn il aprelin 5-dən kompensasiya məbləğinin 30 min manatdan 100 min manatadək artırılması təklif olunur. Həmçinin 20 min manatdan çox olmamaq şərti ilə fiziki şəxslərin sahibkarlıq fəaliyyəti üçün olan bank hesabları da qorunan olacaq. O cümlədən notariusun depozit hesabına mədaxil edilən fiziki şəxslərə məxsus vəsaitlər də qorunan sayılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR