AMB: Kriptovalyuta bazarının tənzimlənməsinə dair yetərli normativ baza olmalıdır

AMB: Kriptovalyuta bazarının tənzimlənməsinə dair yetərli normativ baza olmalıdır
# 29 noyabr 2019 12:32 (UTC +04:00)

Kriptovalyuta bazarının tənzimlənməsinə dair mükəmməl normativ sənəd və yetərli təcrübə olmadığından bir çox ölkələrin nəzarət orqanları hazırda bu sahənin tənzimlənməsində "gözləmə və izləmə" mövqeyi nümayiş etdirilər.

Bunu "APA-Economics"ə Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş sistemləri və hesablaşmalar departamentinin Milli ödəniş sisteminin inkişafı şöbəsinin rəisi Ramil Mahmudov deyib.

Onun sözlərinə görə, hazırda Kanada, ABŞ, Çin və s. ölkələrin mərkəzi bankları tərəfindən kriptovalyutaların buraxılması məsələsi müzakirə olunur.

"Kriptovalyuta yeni bir sahədir. Müxtəlif ölkələrin mərkəzi bankları bu sahədə araşdırma aparır. Lakin son dövrdə kriptovalyutaların volotilliyində baş verən proseslər bir növ fikirləşməyə sövq edir. Hər bir valyutanın tətbiq sahəsi, müsbət və mənfi cəhətləri geniş təhlil olmalıdır", - deyə R. Mahmudov qeyd edib.

AMB-nin şöbə rəisi əlavə edib ki, tənzimləyici qurumlar maraqlıdır ki, ödəniş alətlərinə nəzarət təşkil olunsun, kriptovalyutalar isə mərkəzləşdirilməmiş blokçeyn texnologiyası üzərində qurulub: "Heç bir ölkənin tənzimləyici qurumu istəməz ki, öz ölkəsinin vətəndaşı yarana biləcək problemlərdən zərər çəksin. Yəni sahibkar bu gün malı bir məzənnə ilə ala bilər, yaranacaq volatillik səbəbi ilə sabah isə o, ya qazancla, ya da itki ilə üzləşə bilər. Yəni tələb və təklif qarşılıqlı olmalıdır. Bundan başqa, yetərli normativ baza olmalıdır. Bu gün nağd və nağdsız pul dövriyyəsi ilə bağlı normativ baza var, lakin kriptovalyutaların tənzimlənməsi ilə bağlı isə mükəmməl bir sənəd yoxdur. Amma bu o demək deyil ki, bu istiqamətin inkişaf etdirilməsi gündəmdə deyil. Kriptovalyutaların inkişaf trendləri, bu sahədə baş verənlər daim diqqətdə saxlanılır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR