ARDNF-in aktivləri 43,3 mlrd. dollara çatıb

ARDNF-in aktivləri 43,3 mlrd. dollara çatıb
  • Clock-gray 16:52
  • calendar-gray 27 Fevral 2020

Bu ilin əvvəlinə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 43,3 mlrd. ABŞ dolları təşkil edib, bu da 2019-cu ilin əvvəlinə olan göstəricisi (38,5 mlrd. dollar) ilə müqayisədə 12,5% çoxdur.

APA-Economics”in “Azərtac”a istinadən verdiyi məlumata görə, bu barədə ARDNF-in icraçı direktoru İsrafil Məmmədov deyib.

“Bildiyiniz kimi, 2019-cu ildə Dövlət Neft Fondunun büdcəsində xam neftin orta illik ixrac qiyməti 60 ABŞ dolları nəzərdə tutulmuşdu. Beynəlxalq bazarlarda isə neftin qiyməti bu göstərici ilə müqayisədə yüksək olub və ortaçəkili satış qiyməti 64 dollar təşkil edib. Bu da öz növbəsində ARDNF-in sterilizasiya və yığım funksiyalarının effektiv icrasına, valyuta ehtiyatlarının artırılmasına əlverişli şərait yaradıb”, - deyə İ. Məmmədov qeyd edib.

Onun sözlərinə görə, 2019-cu ildə ARDNF-in büdcə gəlirləri 19 mlrd. manat, büdcə xərcləri isə 11,6 mlrd. manat olub. Gəlirlərin 15,4 mlrd. manatını neft və qaz sazişlərinin həyata keçirilməsindən əldə olunan gəlirlər təşkil edib ki, buraya mənfəət nefti və qazının satışı (14,6 mlrd. manat), bonus ödənişləri (766,4 mln. manat), akrhesabı ödənişlər (4,7 mln. manat), tranzit gəlirləri (18,9 mln. manat) daxildir.

Fondun vəsaitlərinin idarə edilməsindən isə 3,6 mlrd. manat əldə olunub ki, bu da ümumi gəlirlərin 19,1% təşkil edir. Bununla da investisiya portfelinin ümumi illik gəlirliliyi 5,3% olub.

“Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-in büdcədənkənar gəliri 731,7% manat təşkil edib”, - deyə İ. Məmmədov vurğulayıb.

O əlavə etdi ki, ötən il Dövlət Neft Fondunun büdcə xərclərinin vaxtında icrası ilə əlaqədar ölkədə fiskal tarazlığın qorunması təmin edilib. Fondun büdcə xərclərini dövlət büdcəsinə transfert (11,4 mlrd. manat), qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması (200 mln. manat), ARDNF-in idarə edilməsi ilə bağlı xərcləri (24,3 mln. manat) olub.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date