ASA: Sığorta bazarı üzrə proqnozlarda azalma ola bilər

ASA: Sığorta bazarı üzrə proqnozlarda azalma ola bilər
  • Clock-gray 10:55
  • calendar-gray 05 May 2020

2020-ci il üçün Azərbaycanın sığorta bazarı ilə bağlı verilən proqnozlarda azalma müşahidə oluna bilər, lakin düzgün fəaliyyət sayəsində şirkətlər bu günləri zərərsiz başa vura bilərlər.

"APA-Economics" bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) pandemiyanın sığorta bazarına təsirləri ilə bağlı məlumatına istinadən xəbər verir.

Məlumatda deyilir ki, mövcud vəziyyətə baxmayaraq ilin əvvəlindən sığorta şirkətləri fəaliyyətlərinə olduqca yüksək tempdə başlayıb.

"Azərbaycanda fəaliyyət göstərən bəzi şirkətlər COVID-19 riskinə qarşı bazara yeni məhsullar təqdim edirlər. Əgər virusun təsiri tez bir şəkildə aradan qaldırılsa sığorta sektoru da daxil olmaqla bir çox sahələr fəaliyyətlərini bərpa edə bilər. Xüsusilə, II rüb üçün yüksək nəticələr əldə olunacağı güman edilir. Lakin bu bərpa prosesi baş verdiyi təqdirdə belə yenə də verilən proqnozdan aşağı rəqəmlərlə ili başa vurmaq ehtimalı yüksəkdir", - ASA-nın məlumatında deyilir.

Məlumatda həmçinin qeyd olunub ki, pandemiyanın sığorta şirkətlərinin fəaliyyətinə digər bir təsiri isə onların öz şirkətlərinin biznes planlarına yenidən baxmasına gətirib çıxardacaq.

"Real stress altında fəaliyyətlərində yaranan çatışmazlıqlar və üstünlükləri təhlil etmək imkanı əldə edəcəklər. Azərbaycanda ilk koronavirus hadisəsi baş verdiyi zaman sığorta şirkətləri xüsusi tədbirlər planı hazırladı və fəaliyyətlərinə yaranmış vəziyyətə uyğun şəkildə davam etdilər. Sığorta şirkətlərinin iş rejimi yenidən quruldu və hal-hazırda əməkdaşlar evlərindən işlərini fasiləsiz davam etdirə bilirlər. Azərbaycan sığorta bazarında COVID-19 epidemiyasının təsirinin müşahidə olunmasına baxmayaraq, bu şirkətlərin fəaliyyətinə nəzərə çarpacaq dərəcədə təsir göstərmədi və işlərini ləngitmədi", - məlumatda qeyd olunub.

Nərmin Rəhimova

Digər xəbərlər