AYİB və Aİ Azərbaycan sahibkarlarına dəstək olacaq

AYİB və Aİ Azərbaycan sahibkarlarına dəstək olacaq
# 18 dekabr 2020 12:40 (UTC +04:00)

COVID-19 pandemiyası böhranı şəraitində Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Avropa İttifaqı (Aİ) Şərq tərəfdaşlığı proqramı çərçivəsində Azərbaycan, Gürcüstan, Ermənistan, Belarus, Moldova və Ukraynada kiçik və orta bizneslərə (KOB) dəstəklərini genişləndirir.

APA-Economics”in AYİB-ə istinadən verdiyi məlumata görə, 5 mln. avro dəyərində olan Aİ-nın qrantı ilə dəstəklənən AYİB-in məsləhət xidmətləri sözügedən ölkələrdə KOB-ların ehtiyaclarını ödəmək, həmçinin yerli və beynəlxalq məsləhətçilərlə əlaqə quraraq böyümələrini dəstəkləmək məqsədi daşıyır.

Yeni proqram şirkətlərin fasiləsiz əməliyyatları üçün rəqəmsal texnologiyaların mənimsənilməsində, rəqabət qabiliyyətliyinin və ixrac potensialının artırılmasında, böyümək üçün lazım olan maliyyələrə çıxış şanslarının artırılmasında dəstək verəcək.

Qeyd edək ki, “Azərbaycan regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi” layihəsi çərçivəsində hazırda Bakıda keçirilən Virtual Sahibkarlıq Yarmarkasının açılış mərasimində çıxış edən Aİ-nin Azərbaycanda Nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas Azərbaycanla Aİ arasında ikiillik sosial-iqtisadi bərpa proqramı üzərində işlərin aparıldığını bildirib və qeyd edib ki, bura müxtəlif sahələr, sahibkarlara dəstək və azad edilmiş ərazilərinin bərpası daxildir.

Qeyd edək ki, COVID-19 pandemiyasına qarşı “Team Europe”nun cavab tədbirlərinin bir hissəsi olaraq, Avropa Komissiyası Azərbaycan, Gürcüstan, Ermənistan, Belarus, Moldova və Ukrayna üçün təcili dəstək paketini səfərbər edib. KOB-lara kömək etmək məqsədilə yeni 100 mln. avroluq dəstək proqramı və “EU4 Biznes Təşəbbüsü” vasitəsi ilə yerli valyutada KOB-lara 200 mln. avroluq kredit xətləri və qrantların asanlaşdırılması, sürətlənməsi və uyğunlaşdırılması daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR