Avropa Liqasının final, "UEFA-2020"-nin oyunları ilə əlaqədar vergilər üzrə azadolmaların müddəti artırılır

Avropa Liqasının final, "UEFA-2020"-nin oyunları ilə əlaqədar vergilər üzrə azadolmaların müddəti artırılır
# 18 dekabr 2020 12:24 (UTC +04:00)

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2019-cu il 9 aprel tarixli 1559-VQD nömrəli və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 aprel tarixli 1560-VQD nömrəli qanunlarının qüvvədə olma müddətinin bir il uzadılır.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən qanun layihəsində əksini tapıb.

Qeyd olunub ki, Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) İcraiyyə Komitəsi tərəfindən 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul edilib.

Ölkəmiz, həmçinin, 2020-ci ildə futbol üzrə Avropa çempionatının oyunlarına da ev sahibliyi etməli idi. Hazırda bütün dünyada yeni növ koronavirusun (COVID-19) yayılması ictimai-siyasi, sosial-iqtisadi həyatın bütün sahələrinə təsir etdiyi kimi, idman sahəsindən də yan keçməyib, o cümlədən böyük idman oyunlarının keçirilməsi təxirə salınıb.

Bu səbəbdən futbol üzrə Avropa çempionatının 2020-ci ildə keçirilməsi nəzərdə tutulan oyunlarının 2021-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar olaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2019-cu il 9 aprel tarixli 1559-VQD nömrəli və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 aprel tarixli 1560-VQD nömrəli qanunlarının qüvvədə olma müddətinin bir il (2021-ci il avqustun 1-dək) uzadılması nəzərdə tutulur.

Həmin qanunlarla Azərbaycan Respublikasında keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu və UEFA 2020 Futbol çempionatının oyunları ilə əlaqədar bir çox vergi növləri üzrə - gəlir vergisindən, mənfəət vergisindən, ƏDV-dən, aksizli mallara görə aksizdən, habelə gömrük rüsumlarından azadolmalar nəzərdə tutulub.

Qanun layihəsi bir oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR