Avrozona iqtisadiyyatının rüblük inkişaf tempi rekorda çatıb

Avrozona iqtisadiyyatının rüblük inkişaf tempi rekorda çatıb
# 09 dekabr 2020 12:23 (UTC +04:00)

Bu ilin III rübündə Avrozona iqtisadiyyatı əvvəlki rübə nisbətən rekord sürətlə böyüyərək koronavirus pandemiyası təsirindən yaranan əhəmiyyətli azalmadan qurtulub.

"APA-Economics" Avropa İttifaqının Statistika İdarəsinə ("Eurostat") istinadən xəbər verir ki, Avrozonanın 19 ölkəsində ÜDM iyul-sentyabr aylarında 12,5% artıb, bu da İdarənin 1995-ci ildən məlumat toplamağa başladığı vaxtdan bəri ən kəskin artımdır. İllik ifadədə isə Avrozona ÜDM-i 4,3% azalıb. Oxşar göstəricilər bütövlükdə Avropa İttifaqına xasdır.

Mütəxəssislər pozitiv dinamikanı epidemiya vəziyyətinin yaxşılaşdırılması və karantin tədbirlərinin ləğvi – fabrik və dükanların açılması, ixracın artması ilə əlaqələndirirlər.

Əvvəlki rüblə müqayisədə ən yüksək artım Fransa (18,7%), İspaniya (16,7%) və İtaliyada (15,9%) qeydə alınıb. Pandemiyanın ağır zərbə vurduğu ölkələrin siyahısında məhz bu ölkələrin adı çəkilirdi.

"Eurostat"ın məlumatlarına görə, III rübdə işçilərin sayı əvvəlki rüblə müqayisədə Avrozonada 1%, Aİ-də isə 0,9% artıb. İllik ifadədə bu rəqəm Avrozonada 2,3%, Aİ-də isə 2% azalıb.

Ekspertlər bildirir ki, Avrozona və Aİ iqtisadiyyatının çətin günlərini yaşamasına baxmayaraq, “Eurostat”ın məlumatları, pandemiya bitdikdən sonra iqtisadiyyatlın sürətli bərpa olunmasına ümid verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR