Azərbaycan Dünya Bankının hesabatında təcrübəsinə ən çox istinad edilən ölkə olub

Azərbaycan Dünya Bankının hesabatında təcrübəsinə ən çox istinad edilən ölkə olub
# 14 iyul 2020 12:57 (UTC +04:00)

Dünya Bankının “Avropa və Mərkəzi Asiyada səmərəli, hesabatlı və inklüziv institutların qurulması” mövzusunda hesabatı dərc olunub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, hesabatın əhatə etdiyi Avropa və Mərkəzi Asiya bölgəsində ən çox Azərbaycan təcrübəsinə (“case study”) istinad edilib.

Belə ki, hesabatın üç bölməsində – “Dövlət siyasəti proseslərinin gücləndirilməsi”, “Xidmətin çatdırılmasının idarə edilməsi” və “Siyasətin səmərəliliyinin artırılması drayverləri və amilləri” hissələrində Azərbaycan təcrübəsi geniş təhlil edilib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə strateji yol xəritələri qəbul edilib, islahatların effektiv idarə edilməsi mexanizmi qurulub, ölkə dalbadal dünyanın ən islahatçı dövlətləri sırasına yüksəlib və Azərbaycan monitorinq və qiymətləndirmə sahəsində innovativ həlləri tətbiq etməklə “nəticə-əsaslı yaxşı idarəetmə” nümunəsi yaradıb. Prezidentin yaratdığı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi dövlət-özəl dialoqu əsasında islahatların inklüzivliyinin təmin edilməsində rol oynayır.

Hesabatda Azərbaycandakı məhkəmə-hüquq islahatlarına da yer ayrılıb. Bildirilib ki, məhkəmələrdə yaradılan elektron sistem səmərəliliyə nəzarət, e-qərar və e-siyasət mexanizmlərinin inkişafını əhəmiyyətli dərəcədə yaxşılaşdıra və sadələşdirə bilər. Məhkəmə nəbzi (“Court Pulse” sistemi) inkişaf etmiş İKT sisteminin sadəcə kiçik bir hissəni təşkil edir. Elmi baxımdan yaradılaraq tətbiq olunan səmərəliliyin kəmiyyət baxımından idarəetmə sistemi məhkəmələrdə təkmil və standartlaşdırılmış qərar qəbul etmə prosesini təmin edərək vaxt, keyfiyyət və xərclərin səmərəliliyi/məhsuldarlıq kimi aspektləri əhatə edir.

Hesabatda həmçinin Azərbaycanın neftlə zəngin ölkə kimi hasilat sənayesinin şəffaflığı üzrə beynəlxalq təşəbbüslərdə iştirakına da yer ayrılıb. Qeyd olunub ki, maraqlı tərəflər arasında dialoq qurmaq, hökumətə etimadı artırmaq və investisiya mühitini yaxşılaşdırmaq üçün hasilat sənayesində şəffaflıq təşəbbüsü vacibdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR