Azərbaycan bu il AÇG-dən 3,3 mlrd. dollardan çox gəlir əldə edib

Azərbaycan bu il AÇG-dən 3,3 mlrd. dollardan çox gəlir əldə edib
  • Clock-gray 12:50
  • calendar-gray 02 Dekabr 2020

Bu il (01.01.2020 01.12.2020 tarixinə) Azərbaycan Respublikası Neft Fondunun (ARDNF) "Azəri-Çiraq-Günəşli" (AÇG) yataqlar blokundan əldə etdiyi gəlirləri 3 336 mln. ABŞ dolları təşkil edib.

Bu barədə "APA-Economics" ARDNF-dən bildirilib.

Xatırladaq ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP - 30,37% (operator), AzACG (SOCAR) – 25,00%, MOL – 9,57%, "Inpex" – 9,31%, "Equinor" (keçmiş "Statoil") – 7,27%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) – 2,31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı idi (2024-ci ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişi imzaladılar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.

Bundan başqa, 01.01.2020 – 01.12.2020 tarixinə ARDNF-nun "Şahdəniz" qaz-kondensat  (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 276 mln. ABŞ dolları təşkil edib. Məlumata əsasən, hesabat dövründə "Şahdəniz" yatağından əldə edilən gəlirlərinin 205 mln. dolları kondensatın payına düşüb.

Qeyd edək ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "Lukoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

Emil İsmayılov

Digər xəbərlər