Azərbaycan gələn il CAREC Proqramına üçüncü dəfə sədrlik edəcək

Azərbaycan gələn il CAREC Proqramına üçüncü dəfə sədrlik edəcək
# 08 dekabr 2020 14:50 (UTC +04:00)

2021-ci ildə Azərbaycan CAREC Proqramına üçüncü dəfə sədrlik edəcək və bu müddət ərzində CAREC-in region ölkələrinin iqtisadi inkişafının təşviq edilməsi istiqamətində səmərəli fəaliyyət göstərəcəyinə əminik.

"APA-Economics"in Azərbaycan İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnkişaf Bankının (AİB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) video-konfrans formatında "COVID-19 pandemiyasından sonrakı dövrdə insan yönümlü regional əməkdaşlıq" mövzusunda keçirilən 19-cu Nazirlər Konfransında çıxışı zamanı deyib.

Nazir CAREC-in regional iqtisadiyyatın davamlı inkişafı üçün inklüziv əməkdaşlıq platforması olduğunu və Azərbaycanın CAREC regionu ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb. İqtisadiyyat naziri COVİD-19 pandemiyasının Azərbaycan iqtisadiyyatına təsiri və bu təsirlərin minimallaşdırılması məqsədilə həyata keçirilən çoxşaxəli tədbirlər barədə məlumat verib.

Bundan əlavə, M. Cabbarov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qələbəsini və torpaqlarımızın işğaldan azad edildiyini vurğulayıb, ölkəmizin haqlı mövqeyini dəstəklədiklərinə görə tərəfdaş ölkələrə minnətdarlıq edib. Diqqətə çatdırılıb ki, işğaldan azad olunmuş torpaqlarda yeni infrastruktur və biznesin inkişafı layihələrinin həyata keçirilməsi ölkəmiz qarşısında duran əsas vəzifələrdəndir və Qarabağ regionunun dirçəldilməsi regional əməkdaşlığa böyük töhfə verəcək.

Qeyd edək ki, konfransda "CAREC 2030" Proqramının nəticələri üzrə Çərçivə Sənədi, "CAREC Turizm Strategiyası 2030" və "CAREC Gender Strategiyası 2030" sənəd layihələri və nazirlərin birgə bəyanatı qəbul edilib.

Xatırladaq ki, CAREC AİB-in Mərkəzi Asiyada regional əməkdaşlığa dair dəstəklədiyi təşəbbüsdür və onun icrasına 1997-ci ildə başlanılıb. Hazırda bu proqram nəqliyyat, ticarət siyasəti və energetika sahələrini əhatə edir. Azərbaycan 2003-cü ildən CAREC Proqramının üzvüdür. Əfqanıstan, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistan da proqramın iştirakçıları sırasındadır. 2001-ci ildən indiyədək CAREC ölkələri 39,2 mlrd. ABŞ dolları dəyərində 208 regional ticarət və infrastruktur layihəsi reallaşdırıb. Bunun 14,7 mlrd. dolları AİB, 15,8 mlrd. dolları digər tərəfdaşlar, 8,7 mlrd. dolları CAREC-in üzv ölkələrinin hökumətləri tərəfindən maliyyələşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR