Azərbaycan ötən il 190 mln. dollarlıq pomidor ixrac edib

Azərbaycan ötən il 190 mln. dollarlıq pomidor ixrac edib
# 29 yanvar 2020 11:24 (UTC +04:00)

2019-cu il ərzində Azərbaycandan ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (189,3 mln. ABŞ dolları) birinci olub.

"APA-Economics"in xəbərinə görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorun müavini Ramil Hüseyn deyib.

Onun sözlərinə görə, bu siyahıda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 172,4 mln. dollar) ikinci və qabığı təmizlənmiş meşə fındığı (124,2 mln. dollar) üçüncü olub.

"Ümumiyyətlə, 2019-cu ildə meyvə-tərəvəz ixracı 605,8 mln. dollar, plastmas və onlardan hazırlanan məmulatların ixracı 179,4 mln. dollar, alüminium və ondan hazırlanan məmulatların ixracı 128 mln. dollar, pambıq lifi ixracı 124 mln. dollar, kimya sənayesi məhsullarının ixracı 102,9 mln. dollar, elektrik enerjisinin ixracı 76,8 mln. dollar, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 57,6 mln. dollar, pambıq ipliyi ixracı 30,2 mln. dollar, şəkər ixracı 26,9 mln. dollar, alkoqollu və alkoqolsuz içkilərin ixracı isə 23,7 mln. dollar təşkil edib", - deyə R. Hüseyn bildirib.

2018-ci illə müqayisədə ötən il pambıq lifinin ixracı 54%, plastmas və onlardan hazırlanan məmulatların ixracı 51%, alkoqollu və alkoqolsuz içkilərin ixracı 46%, kimya sənayesi məhsullarının ixracı 32%, pambıq ipliyinin ixracı 27%, elektrik enerjisi ixracı 17%, alüminium və ondan hazırlanan məmulatların ixracı 14%, şəkər ixracı 8%, meyvə-tərəvəzin ixracı isə 8% artıb.

Qeyd edək ki, ötən ilin dekabr ayında qeyri-neft məhsulları ən çox mal Rusiyaya (68,3 mln. dollar), Türkiyəyə (38,4 mln. dollar), İsveçrəyə (15,1 mln. dollar), Gürcüstana (8,5 mln. dollar) və Özbəkistana (6,7 mln. dollar) ixrac edilib.

Xatırladaq ki, 2019-cu ildə Azərbaycan qeyri-neft sektoru üzrə 1,954 mlrd. dollar dəyərində mal ixrac edib. Bu göstərici əvvəlki illə müqayisədə 15,7% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR