Azərbaycan son 16 ildə Türk Şurasının üzv ölkələrinə 18 mlrd. dollardan çox investisiya yatırıb

Azərbaycan son 16 ildə Türk Şurasının üzv ölkələrinə 18 mlrd. dollardan çox investisiya yatırıb
# 20 noyabr 2020 16:59 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın Macarıstan da daxil olmaqla, Türk Şurasının üzv dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 3,4 mlrd. ABŞ dolları təşkil edib.

APA-Economics”in məlumatına görə, bunu Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Türk Dünyası İqtisadi Araşdırmalar Mərkəzi və Türk Dünyası İqtisadçılar Birliyinin birgə təşkilatçılığı ilə “Qarabağın azad edilməsinin Türk Dünyasına iqtisadi təsiri” mövzusunda keçirilən onlayn müzakirələr zamanı çıxış edən Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

Onun sözlərinə görə, biznes icmaları arasında iqtisadi əlaqələri gücləndirmək, nəqliyyat problemlərinin aradan qaldırmaq, xarici investisiyaları artırmaq məqsədilə, Türk Şurası ölkələri və Macarıstanın Ticarət və Sənaye palataları tərəfindən 2019-cu ildə Qazaxıstanda Astana İqtisadi Forumunda Türk Ticarət və Sənaye Palatası yaradılıb: “Bu ilin noyabrın 2-də Bakıda palatanın növbədənkənar görüşünün keçirilməsi həm Azərbaycana mürəkkəb dövrdə mənəvi dəstək amalı daşıyıb, həm də gələcək regional inkişaf üçün əhəmiyyətli olacaq”.

Nazir müavini xatırladıb ki, 2009-cu ildə Türkdilli ölkələrin dövlət başçılarının sammitində Naxçıvan sazişi imzalanıb və Türk Dövlətləri Əməkdaşlıq Şurası yaradılıb.

“Ötən il 10 illiyini Bakıda qeyd edən Türk Şurası ölkələrinin ticarət əlaqələri bu dövrdə 2,5 dəfə artaraq 15,6 mlrd. dollara çatıb. Müşahidəçi üzv kimi qəbul olunan Macarıstanın da iqtisadi göstəriciləri daxil olmaqla, bu göstərici 19 mlrd. dolları ötüb. Son 16 ildə Azərbaycana bu ölkələrdən 13 mlrd. dollaradək, Azərbaycandan bu ölkələrə isə 18 mlrd. dollardan çox investisiya yatırılıb. Bu ölkələrin 4 mindən çox şirkətləri Azərbaycanda fəaliyyət göstərib və 16 mlrd. dollar dəyərində 320 layihəyədək podratçı qismində iştirak ediblər”, - deyə S. Həsənova bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR