Azərbaycan və AİB arasında əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb

Azərbaycan və AİB arasında əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb
  • Clock-gray 15:41
  • calendar-gray 06 Aprel 2021

Hazırda Asiya İnkişaf Bankının (AİB) kredit ayırdığı yol şəbəkəsinin inkişafı üzrə layihələri icra edilir.

"APA-Economics"in Azərbaycan İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov və AİB-in Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri xanım Kendis Makdeyqan arasında keçirilən görüş zamanı bildirilib.

Mikayıl Cabbarov ölkəmizin Asiya İnkişaf Bankı ilə əməkdaşlığa böyük önəm verdiyini, Bankın maliyyə-texniki dəstəyinin yüksək qiymətləndirildiyini vurğulayıb. Bankın Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramının həyata keçirilməsində Azərbaycan 2021-ci il üzrə ev sahibi kimi fəal iştirak edir. Bildirilib ki, Asiya İnkişaf Bankı ilə 2022-2024-cü illər üçün Azərbaycanın ortamüddətli iqtisadi inkişaf prioritetləri və potensial sahələr üzrə əməkdaşlıq önəmlidir.

Görüşdə Azərbaycanın sosial-iqtisadi inkişafına dair prioritetlərin reallaşdırılması, regional əməkdaşlıq və s. istiqamətlər üzrə Asiya İnkişaf Bankı ilə tərəfdaşlıq imkanları diqqətə çatdırılıb.

AİB-in Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri xanım Kendis Makdeyqan ölkəmizdəki fəaliyyətindən məmnunluğunu ifadə edib, Bankın Azərbaycanla əlaqələrinin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

Tərəflər müxtəlif sahələr üzrə əməkdaşlığın inkişafı, Bankın dövlət-özəl tərəfdaşlığı sahəsində texniki yardımı, dövlət müəssisələri ilə bağlı islahatlara dəstək imkanları və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Xatırladaq ki, 1999-cu ildən AİB Azərbaycanla əməkdaşlıq çərçivəsində ölkəyə texniki yardım, kredit xətti, qrant və s. şəklində 5,2 mlrd. dollardan çox vəsait ayırıb.

APA-Economics

Digər xəbərlər