Azərbaycan və Türkiyənin mərkəzi bankları arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb

Azərbaycan və Türkiyənin mərkəzi bankları arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb
# 18 dekabr 2020 11:32 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) ilə Türkiyə Mərkəzi Bankı (TMB) arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Memorandumun məqsədi hər iki ölkənin mərkəzi bankçılıq sahəsində əlaqələrinin dərinləşdirilməsindən, məlumat mübadiləsi və əməkdaşlığın gücləndirilməsindən ibarətdir.

AMB-dən “APA-Economics”ə verilən məlumata görə, imzalanmış memoranduma əsasən Azərbaycan və Türkiyənin mərkəzi bankları arasında mərkəzi bankçılığın müxtəlif istiqamətlərində təcrübə mübadiləsinin aparılması, birgə tədqiqat işlərinin reallaşdırılması, təlim proqramlarının keçirilməsi, məsləhət xidmətinin göstərilməsi nəzərdə tutulur. Eyni zamanda, memorandum çərçivəsində tərəflər arasında hər iki ölkədə baş verən iqtisadi və maliyyə proseslərinə, eləcə də mərkəzi bankçılıq məsələlərinə dair məlumat və fikir mübadiləsi aparılacaq.

AMB ilə TMB arasında uzun illər ərzində intensiv əməkdaşlıq əlaqələri formalaşmışdır və bu əməkdaşlıq çərçivəsində mərkəzi bankçılığın müxtəlif funksional sahələri üzrə birgə texniki yardım layihələri həyata keçirilib.

“İmzalanmış bu sənəd iki qardaş ölkənin bütün istiqamətlərdə olduğu kimi, mərkəzi bankları arasında da əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək, həm mərkəzi bankçılığın, həm də bütövlükdə hər iki ölkənin bank sisteminin inkişafına öz töhfəsini verəcək”, - AMB-dən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR