Azərbaycan yanvarda Gürcüstanın əsas ixrac tərəfdaşı olub

Azərbaycan yanvarda Gürcüstanın əsas ixrac tərəfdaşı olub
# 19 fevral 2021 12:30 (UTC +04:00)

2021-ci ilin yanvarında Gürcüstanın xarici ticarət dövriyyəsi illik müqayisədə 16,5% azalaraq 762,5 mln. ABŞ dolları təşkil edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Qeyd olunub ki, hesabat dövründə ölkənin ixracı 16,2% azalaraq 224,4 mln. dollar təşkil edib, idxal isə 16,6% azalaraq 538,1 mln. dollara bərabər olub. Cari ilin yanvarında Gürcüstanın mənfi ticarət saldosu 313,6 mln. dollar təşkil edib ki, bu da ölkənin ümumi xarici ticarət dövriyyəsinin 41,1%-ni təşkil edib.

Yanvarda Gürcüstanın ilk 10 ticarət tərəfdaşına ixracı ölkənin ümumi ixracının 80,8%-ni təşkil edib. Hesabat dövründə Gürcüstanın əsas ixrac tərəfdaşı Azərbaycan olub – 34,4 mln. dollar. İkinci və üçüncü yerlərdə isə müvafiq olaraq Bolqarıstan (27 mln. dollar) və Çin (26,9 mln. dollar) qərarlaşıb. Gürcüstanın ən çox mal və məhsullar idxal etdiyi ölkələr isə Çin (99,6 mln. dollar), Türkiyə (92,9 mln. dollar) və Rusiya (55,6 mln. dollar) olub.

Azərbaycan yanvarda xarici ticarət dövriyyəsinin həcminə görə Gürcüstanın üçüncü əsas ticarət tərəfdaşı olub. Birinci və ikinci yerlərdə müvafiq olaraq Çin (126,5 mln. dollar) və Türkiyə (114,3 mln. dollar) qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR