Azərbaycanda apreldə inflyasiya 0,1% olub

Azərbaycanda apreldə inflyasiya 0,1% olub
# 15 may 2020 12:26 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda istehlak qiymətləri indeksi 2019-cu ilin yanvar-aprel aylarına nisbətən 103,0%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105,4%, qeyri-ərzaq məhsulları üzrə 101,2%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 101,1% təşkil edib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, cari ilin aprel ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1%, əvvəlki ilin aprel ayına nisbətən 103% təşkil edib.

2020-ci ilin aprel ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,7%, əvvəlki ilin aprel ayına nisbətən 106,0% təşkil edib.

Cari ilin aprel ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, unun, qarabaşaq və manna yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, sterilizə olunmuş üzlü südün, qatılaşdırılmış şəkərli südün, yoqurtun, xamanın, kəsmiyin, tərkibində qursaq mayası olan bərk və yumşaq pendirin, süfrə marqarininin, limonun, portağalın, naringinin, almanın, armudun, heyvanın, narın, kivinin, şabalıdın, kələmin, balqabağın, bibərin, çuğundurun, yerkökünün, sarımsağın, kartofun, mərcinin, şəkər tozunun, qəhvənin, arağın, pivənin, ucuzlaşma isə əsasən təzə balığın, pasterizə olunmamış üzlü südün, yumurtanın, zeytun yağının, bananın, qozun, fındığın, xiyarın, pomidorun, göyərtinin, soğanın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2020-ci ilin aprel ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1%, əvvəlki ilin aprel ayına nisbətən 101,3% təşkil edib.

Cari ilin aprel ayında əvvəlki aya nisbətən ayrı-ayrı qeyri-ərzaq məhsullarından daha çox bahalaşma yağlı boyaların, polietilen su və kanalizasiya borularının, laminat parketin, xalçaların, kondisionerlərin, tozsoranların, mikrodalğalı sobaların, elektrik çaydanlarının, boşqab, fincan və nəlbəkilərin, tibbi spirtin, tibb termometrlərinin, pambığın, toz şəklində sintetik yuyucu vasitələrin, minik avtomobilləri üçün akkumulyator və amortizatorların, ucuzlaşma isə əsasən kəsilmiş taxtaların, sementin, mətbəx üçün mebel dəstlərinin, mobil telefonların, yazı kağızlarının qiymətlərində müşahidə olunub.

Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 2020-ci ilin aprel ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,3%, əvvəlki ilin aprel ayına nisbətən 100,4% təşkil edib. Əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksinin aşağı düşməsinə səbəb əhali qrupu üzrə elektrik enerjisinin güzəştli istehlak limitinin 300 kVt-saatdan 400 kVt-saatadək artırılması olmuşdur. Nəticədə elektrik enerjisinin orta qiyməti cari ilin mart ayı ilə müqayisədə aprel ayında 12,5% aşağı düşüb. Digər ödənişli xidmətlərin qiymətlərində dəyişikliklər baş verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR