Azərbaycanda avtomobillərin icbari sığortası 7%-dək azalıb

Azərbaycanda avtomobillərin icbari sığortası 7%-dək azalıb
# 02 dekabr 2020 16:06 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 78 771,9 min manat sığorta haqqı yığılıb.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, bu müddətdə eyni sığorta növü üzrə 47 019 min manatlıq ödəniş həyata keçirilib. Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə sığorta yığımları 6,7%, ödənişləri isə 14,3% azalıb.

Hesabata əsasən, cari ilin yanvar-oktyabr ayları ərzində avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə isə 31 954 min manat sığorta haqqı yığılıb, 10 552,3 min manat ödəniş edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə yığımlarda 10,3%, ödənişlərdə isə 0,3% artım qeydə alınıb.

Qeyd edək ki, 2020-ci ilin yanvar-oktyabr aylarında bütün sığorta növləri üzrə cəmi yığımlar 628 374,2 min manat (illik 10,4%-lik artım), ödənişləri isə 350 035,5 min manat (illik 55,2%-lik artım) təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR