Azərbaycanda bu il 2,8 mln. manatdan çox büdcə vəsaiti bərpa olunub

Azərbaycanda bu il 2,8 mln. manatdan çox büdcə vəsaiti bərpa olunub
# 07 iyul 2020 17:36 (UTC +04:00)

Yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbindən xüsusi iş rejiminin tətbiqi Azərbaycan Hesablama Palatasının nəzarət fəaliyyətinin təşkilinə təsir göstərib.

APA-Economics”in məlumatına görə, bu barədə Palatanın 2020-ci ilin yanvar-iyun ayları ərzində fəaliyyətinə dair hesabatda deyilir.

Qeyd olunub ki, pandemiya cari ilin ilk yarısında bir sıra audit tədbirinin başa çatdırılmasını ləngidib. Hesabat dövründə 2-si monitorinq və 7-si audit olmaqla 9 nəzarət tədbirinin nəticələri Kollegiyada müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib. Nəticələri ilə bağlı qərar qəbul edilmiş 7 audit tədbirinin 4-ü uyğunluq növü, 3-ü isə maliyyə və uyğunluq növü birgə tətbiq edilməklə həyata keçirilib.

Bundan başqa, hesabat dövründə Palatanın İş planına uyğun olaraq 2-si monitorinq, 2-si analitik fəaliyyət və 18-i audit formasında olmaqla 24 kənar dövlət maliyyə nəzarətinin başlanılması ilə bağlı qərarlar qəbul edilib.

“Bu ilin İş planı əsasında aparılmış auditlərin nəticələri üzrə büdcə vəsaitlərinin istifadəsi üzrə mövcud qanunvericilik aktlarının tələblərinə tam riayət edilməməsi səbəbindən 3 300,1 min manat məbləğində vəsaitin artıq və əsassız icra edildiyi müəyyən olunub, qurumlar tərəfindən həyata keçirilmiş tədbirlərin nəticəsində 1 521,4 min manat məbləğində vəsaitin müvafiq qaydada bərpası təmin edilib”, - deyə hesabatda qeyd olunub.

Hesablama Palatası hesabat dövründə 2019-cu il və əvvəlki illər üzrə İş planına əsasən başa çatdırılmış nəzarət tədbirləri zamanı müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün həyata keçirilmiş addımları da izləyib. Belə ki, ötən il görülmüş tədbirlərlə yanaşı, hesabat dövründə 1 287,4 min manat vəsait müvafiq qaydada bərpa olunub. Qeyd edək ki, 2019-cu ildə başa çatdırılmış nəzarət tədbirlərinin nəticələrinə dair qəbul edilmiş qərarların icrası bir çox qurumlar tərəfindən tam icra edilib, Bakı Nəqliyyat Agentliyindən təqdim edilmiş məlumata görə qərarla artıq xərc edilmiş vəsaitlər üzrə 986,9 min manat və əlavə dəyər vergisi üzrə az hesablanmış 61,3 min manat, ümumilikdə, 1 048,2 min manat hesablanılmış vəsaitdən hesabat dövründə 795,5 min manatı dövlət büdcəsinə bərpa olunub, 128,9 min manat debitor borc bağlanılmış, qalan məbləğin bərpası və Kollegiya qərarı ilə müəyyən edilmiş digər istiqamətlər üzrə tədbirlər davam etdirilir. Həmçinin dövlət əmlakının 2018-ci ildə Agentliyin balansına götürülməməsi və nəticədə 2018-ci ildə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 199.1-ci maddəsinin tələblərinin pozulması üzrə əmlak vergisinin hesablanmaması və büdcəyə ödənilməməsi halı ilə bağlı Hesablama Palatasının müraciətinə cavab olaraq Dövlət Vergi Xidmətindən daxil olmuş məlumata görə, Bakı Nəqliyyat Agentliyi tərəfindən 86,5 min manat vergi məbləği hesablanaraq müvafiq dövr üçün əmlak vergisi bəyannaməsi vergi orqanına təqdim edilib.

“Beləliklə, 2020-ci ilin yanvar-iyun ayları üzrə ümumilikdə, 2 808,8 min manat məbləğində vəsaitin bərpası təmin edilib, 2020-ci ilin birinci yarısında başlamış digər nəzarət tədbirləri davam etdirilir”, - deyə hesabatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR